Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 14 yanvar — Sputnik. Qurban Qurbanov futbol üzrə milli yığmadan gedəndən sonra mətbuatda yeni baş məşqçinin kim olacağı ilə bağlı suallar yaranıb. Yerli və xarici media fərqli şəxslərin milli komandaya gətiriləcəyini yazır. Bu namizədlər sırasında Xorvatiyalı mütəxəssislərin - İqor Tüdorun və Nikola Yurçeviçin adı çox çəkilir.
Sputnik Azərbaycan-ın əməkdaşı mətbuatda yayılan bu ehtimalların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla adı çəkilən şəxslərin baş məşqçi kimi milliyə gətiriləcəyini nə təkzib, nə də təsdiq edib.
Səbəb kimi isə yekun siyahının olmamasını göstərib: "Hələ ki bir neçə məşqçi ilə danışıqlar gedir və son qərarın necə olacağı məlum deyil. Bunları nəzərə alaraq fikir bildirmirik. Bu gün təkzib edərik, sabah həmin məşqçi ilə danışıqlar apara bilərik. Və ya əksinə, bu gün təsdiqləsək ki, filan məşqçi ilə danışıqlar gedir, sabah müqavilə imzalamarıq, yenə pis vəziyyətdə qalarıq".
"Hələ konkret olaraq heç bir məlumat yoxdur deyə, ən yaxşısı medianın bu sualını susmaqla cavablandırmaqdır. Proses davam edir. Mart ayında millinin ilk oyunu Xorvatiyada olacaq. Çox güman ki, həmin vaxta qədər baş məşqçi seçimi olacaq. Hər şey danışıqlardan asılıdır" – deyə F.Abdulla vurğulayıb.