CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amerikada uğur qazanan azərbaycanlı xeyriyyəçi: “Onları seçməmişəm, qarşıma çıxıblar”

Əmir Allahverdi Amerikada uğur qazanandan sonra idmançılara dəstək verməyə başlayıb
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Azərbaycanlı Əmir Allahverdi hazırda nəinki Amerikada investisiya şirkətinin sahibidir, eyni zamanda xeyriyyəçidir. O, gənc və perspektivli idmançıları taparaq onlara dünya səviyyələrinə doğru yola çıxmaqda kömək edir. Hazırda Allahverdi sosial şəbəkələrdə ən çox müzakirə edilən şəxslərdən biridir. Qəhrəmanımız özü haqqında Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb.

Azərbaycanda təmənnasız xeyriyyəçi

- Əmir, siz niyə Amerikaya getmək qərarına gəlmisiz?

- Mən Amerikaya atamın israrı nəticəsində gəlmişəm, özüm gəlmək istəmirdim. Mənim yaxşı işim, gəlirim, öz sürücüm, müxtəlif ölkələrə xüsusi ezamiyyətlərim olurdu. 21 yaşlı gənc üçün bu, hər şey demək idi. Bundan başqa daha nə arzulamaq olardı ki?!

- İnsanların əksəriyyəti Amerikaya getməyi və uğur qazanmağı xəyal edir. Orada çox işləsən, öz arzularına çata bilərsən?

- Baxmayaraq ki, çoxu mənim fikrimlə razılaşmır, düşünürəm ki, arzularını həyata keçirmək üçün Amerikaya getmən vacib deyil. Arzularına öz şəhərində, yaxud kəndində də çata bilərsən. İl ərzində Amerikaya milyonlarla insan köçür və hamı da uğur əldə etmək istəyir. Lakin heç də hamı buna nail ola bilmir. Biz yalnız uğur qazanmış insanları görürük, amma yerdə qalan, gündəlik çətinliklərlə üzləşən insanların fərqinə varmırıq. ABŞ-da şıq geyinmək, yaxşı maşında gəzmək olar, ancaq, heç kəs bilməz ki, cibində heç 100 dollar yoxdur. Təəssüf ki, çox vaxt gözəl, dəbdəbəli görüntünün altında yoxsulluq gizlənir.

Amerikada uğur qazanan azərbaycanlı xeyriyyəçi: “Onları seçməmişəm, qarşıma çıxıblar”

- Orada hansı çətinliklərlə üzləşmisiz?

- ABŞ-a yeni gələndə ixtisasım üzrə iş tapa bilmirdim, baxmayaraq ki, iş təcrübəm və beynəlxalq sertifikatım vardı. Amerikada ancaq Birləşmiş Ştatlarda verilmiş diplom və sertifikatları sevirlər. Eyni zamanda, onlar üçün ABŞ-da iş təcrübəsi olduqca vacibdir.

- Bəs siz arzu etdiklərinizə necə nail ola bildiz?

- Hansısa məqsədlərə çatıram, sonra yeni məqsədlərim, arzularım meydana çıxır. Ona görə də, nə qədər yaşayıram, həmişə qarşıya yüksək hədəflər qoyacağam və onlara çatmağa çalışacağam. Əlbəttə ki, əsas arzumu yerinə yetirmişəm: ailəmi Los Ancelesə gətirmişəm və onları təmin edə bilirəm, heç nəyə ehtiyacları yoxdur.

- Necə bilirsiz, sizin kimi uğurlu olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?

- İradəli, ardıcıl olmaq, öz səhvlərini etiraf etmək, onlardan nəticə çıxarmaq çox vacibdir. Əgər yıxılsan, təslim olma, hərəkətə davam et. Həyatda tez-tez qapıların biri bağlanır, digəri açılır. Məndə bu, bir neçə dəfə baş verib və fikirləşib Allahdan soruşmuşam ki, "Niyə belə? Bu əziyyətlər nəyə lazımdır?" Amma sonra bütün bunlar mənim xeyrimə dəyişib və Allaha dua etmişəm.

- Siz niyə öz vəsaitlərinizi məhz idman sahəsinə yatırmaq qərarına gəlmisiz?

- İdman mənim üçün biznes deyil, sevdiyim məşğuliyyətdir. İdmançılarla vaxt keçirmək xoşuma gəlir, mən onların həyata dair baxışlarını bölüşürəm.

- Bilirəm ki, siz həmçinin boksla, qarışıq döyüş və idmanın digər növləri ilə məşğulsuz. Bəs sizin niyə peşəkar idman karyeranız yoxdur?

- Mən heç vaxt idmanla peşəkar səviyyədə məşğul olmamışam. İdmanda karyera qurmaq üçün erkən yaşlarda başlamaq lazımdır. 35 yaşdan sonra idmançı karyerası qurmaq çox çətindir.

- İdmançıların inkişafına kömək edirsiz, ona görə də sizi xeyriyyəçi adlandırırlar. Bunu niyə edirsiz?

Azərbaycanlı idmançı rusiyalı əri ilə açıq-saçıq fotolar çəkdirdi

- Çünki onlar çempionluğa gedən yolda çoxlu çətinliklərdən keçirlər. Belə bir deyim var - "Ağrının içindən keçib alın təri ilə zəfərə doğru". Bu hiss mənə yaxındır. Nəyəsə nail olmaq üçün zəhmət çəkmək lazımdır. İdmançılar yüksək nəticələr göstərmək üçün çox zəhmət çəkirlər. Amma məşq edən zaman heç kəs onlara pul vermir. Mən isə idmançılara öz hədəflərinə çatmaq üçün kömək edirəm.

- İdmançıları necə seçirsiz?

- Mən onları seçmirəm, çünki bu, mənim biznesim deyil. Bu, o insanlardır ki, onlar həyat yolunda qarşıma çıxıblar.

- Hazırda kimin uğurları ilə fəxr edirsiz?

- Ad çəkmək istəmirəm. Çox sayda istedadlı cavan uşaqlar tanıyıram ki, onlar kiçik şəhər və kəndlərdə doğulub-böyüyüblər, amma indi bütün dünyada məşhurdurlar. O insanlara qürur duyuram ki, onların güclü motivasiyası var və öz üzərində çox işləyirlər. Bir dəfə Məhəmməd Əli deyib: "Mən hər dəqiqə məşq etməyə nifrət etmişəm. Amma bir dəfə özüm-özümə dedim - Əl çəkmə! İndi əziyyət çək və qalan ömrünü çempion kimi yaşa" .

- Belə hallar olubmu ki, idmançı seçiminiz düzgün olmayıb və buna görə peşman olmusuz?

- Bəli, mən səhv etmişəm, amma heç nəyə görə peşman deyiləm. Hər biri həyat dərsidir, təcrübədir və mən bu təcrübəyə minnətdaram.

Amerikada uğur qazanan azərbaycanlı xeyriyyəçi: “Onları seçməmişəm, qarşıma çıxıblar”

- Azərbaycanlı idmançılardan kimsə kömək üçün sizə yardım edib?

- Düzünü desəm, etdiyim kömək barədə danışmağı sevmirəm, amma sizin suala cavab verəcəm. Bəli, mənə dəfələrlə Azərbaycandan idmançılar müraciət edib. Onlara idman forması və avadanlıqlar almağa kömək etmişəm, birdəfəlik pul yardımı etmişəm.

- Amerikada sağlam həyat tərzini təbliğ edirsiz. Bu təbliğat necə gedir və həmin planda uğur əldə etmək mümkün olur?

Tanınmış əcnəbi idmançı Bakıda adam vurub

- Mən bu təbliğatı şəxsi nümunəm üzərində qururam. İdmanla məşğul olan və müəyyən uğurlar qazanan biznes adamıyam. İnsanlar bunu görürlər və bu, onlara motivasiya verir. Hər gün Instagram və Facebook-dan mənə çoxlu adamlar yazırlar. İzləyicilərim yazırlar ki, onlar mənim nümunəm əsasında məşq etməyə və arıqlamağa başlayıblar.

- Və sonda soruşmaq istəyirik ki, Azərbaycana yenidən nə vaxt gələcəksiz?

- Hər dəfə Bakıya məmnuniyyətlə gəlirəm. Ötən il iki dəfə Azərbaycanda olmuşam. Orada olanda, hər səhər günə İçərişəhərdə dadlı səhər yeməyi yeməklə başlayıram. Pomidor-yumurta, isti təndir çörəyi, pendir, bal, armudu stəkanda çay - bundan yaxşı daha nə ola bilər? Havalar istiləşəndə, yaya doğru mütləq Azərbaycana gələcəyəm. Mən istini və günəşi sevirəm.