CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heyvan kəsimi məntəqələrinə gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir

Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz ət satışı məqsədi ilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir. Qida Təhlükəsizlik Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı olaraq Agentlik tərəfindən paytaxtın Yasamal rayonunda və Sumqayıt şəhərində qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib. Reydlər Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Struktur bölmələrinin əməkdaşları ilə birlikdə həyata keçirilib.

Bakının hansı rayonlarında heyvan kəsimi bərbad gündədir - AQTA rəsmisi danışır

Reyd zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.