Tramp: "Suriyadan sürətli şəkildə çıxacağımızı deməmişəm"

Bizim etdiyimiz kimi, onlar da öz məhəllələrində müharibə apara bilərlər.
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ağ Evdə bu ölkənin qoşunlarının Suriyadan çıxarılmasına dair açıqlamalar verib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Ərdoğan Suriya ilə bağlı sensasion bəyanat verdi

Tramp bildirib ki, yeni prezident seçildiyi vaxtlarda Suriya və İraqın böyük bir hissəsi İŞİD-in nəzarəti altında idi: "Lakin mənim hakimiyyət illərimdə İŞİD İraqdan tamamilə silinib, Suriyada isə onların sayı olduqca azdır. Artıq Suriyadan çıxırıq, amma mən heç vaxt Suriyadan sürətli şəkildə çıxacağımızı deməmişəm. Bölgə ölkələri İŞİD-lə mübarizə aparmalıdır".

Tramp eyn zamanda qeyd edib ki, Rusiya və İran İŞİD-ə ABŞ-dan daha çox nifrət edir: "Türkiyə də, bizim qədər olmasa da İŞİD-ə nifrət edir. Bütün bu ölkələr İŞİD-ə nifrət edir. Bizim etdiyimiz kimi, onlar da öz məhəllələrində müharibə apara bilərlər".

Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.