YAZARLAR

Gözlənilməz qayıdış: Qarşıdurmanın kəskinləşməsi ehtimalı yaranıb

Hərbi əməliyyatlara gedən ölkə supergüclərdən ciddi təminat almalıdır
Sputnik

BAKI, 8 yanvar — Sputnik. ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, Vaşinqtonda yerləşən Dünya siyasəti institutun professoru Pol Qobl Ermənistan mətbuatına müsahibəsində Qarabağ münaqişəsilə bağlı mühüm açıqlamalar verib.

Gələn il Qarabağ danışıqları üçün nə vəd edir - Politoloq şərhi

P.Qobl Azərbaycan-Ermənistan münqaişəsində 2018-ci ilin sakit keçdiyini, lakin 2019-cu ildə Rusiyanın bölgədə söz sahibi olduğunu sübut etmək üçün tərəfləri yeni toqquşmalara təhrik edə biləcəyini söyləyib. Pol Qoblın fikrincə, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil. Ona görə ki, bu zaman həm Bakı, həm də İrəvana təsir imkanlarını itirə bilər. ABŞ-ın isə münaqişəni həll etmək üçün kifayət qədər resursu yoxdur. Üstəlik, hər iki dövlətin rəhbərliyində əhalinin radikal əhval-ruhiyyəsini təmsil edən şəxslər durur.

Qoblın sözlərinə görə, iki fundamental dəyişiklik situasiyanı başqa yönə çevirmək qabliyyətindədir. Bunlardan biri Ermənistanda Moskva ilə arası olmayan iqtidarın gəlməsidir. İkincisi isə Azərbaycanın rəsmi Moskva ilə münasibətlərini dərinləşdirməsidir.

"Paşinyanın hələ ki, Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək gücü yoxdur. O, hazırda diqqətini daxili problemlərə yönəldib. Çətin ki, Ermənistanın baş naziri nüfuzlu Qarabağ klanı ilə daban-dabana zidd düşən addımlara getsin.

Azərbaycan isə Rusiya ilə yaxınlaşmağa cəhd edir. Moskva Dağlıq Qarabağ məsələsində İrəvanı öz mövqeyindən geri çəkilib güzəştə getməyə məcbur etsə, Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə demişəm ki, Moskva Azərbaycanı almaq müqabilində Ermənistanı satmağa hazırdır" – deyə Pol Qobl qeyd edib.

Pol Qobl bəyan edib ki, əgər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunsa, bu, ABŞ-a İranı daha da neytrallaşdırmaq və izolə etməyə imkan verəcək. Çünki Qarabağ məsələsinin həlli olunması ilə rəsmi Tehran artıq Qafqazdakı siyasi məsələlərə təsir etmək imkanlarından məhrum olacaq. Kreml bunu anlayır və həyata keçməməsi üçün əlindən gələni edir.

Qarabağın azərbaycanlı icması erməni icması ilə konstruktiv dialoqun aparılmasına hazırdır

Aydın məsələdir ki, P.Qobl Vaşinqtonun maraqlarından çıxış edir və Bakını Moskva ilə açıq qarşıdurmaya sövq edir. Lakin məsələ onun təsvir etdiyindən daha mürəkkəbdir və Birləşmiş Ştatlar da Qarabağ münaqişəsinin ədalətli həlli üçün indiyə qədər heç bir əməli addım atmayıb.

Ümumiyyətlə, bu gün dünyada aparıcı dövlətlər arasında qlobal qarşıdurma yaşanır. Suriya, İran, Ukrayna problemləri Qarabağ münaqişəsini ikinci plana keçirir. Belə bir şəraitdə qaynar regionda ortaq məxrəcə gəlmək imkanları yox dərəcəsindədir. Bakı İrəvan ilə birbaşa danışıqlara getməyə də tərəddüd edir. Xatırladaq ki, 1992-ci ilin sonunda birbaşa danışıqlar üçün cəhdlər oldu, Ermənistan prezidenti Levon Ter-Petrosyanın ən yaxın silahdaşlarından biri Aşot Bilyan Bakıya gəlib qeyri-rəsmi danışıqlar aparırdı. O zaman dövlətlər yeni yaranmalarına baxmayaraq, hələ Bakı və İrəvan müstəqil qərar qəbul etmək imkanlarına malik idi, Qərb regiona tam daxil ola bilməmişdi. Ancaq bununla belə, birbaşa danışıqlar nəticə vermədi.

Ümumiyyətlə, hələ müharibə yoxdursa, bütün formatlardan istifadə etmək lazımdır. Çünki savaş halında deyilsənsə, hər hansı formatdan imtina anlaşılmır. Azərbaycanda və Ermənistanda vəziyyət elədir ki, kənardan güclü təzyiq olmasa, danışıqlar prosesinin səmərəsinə inanmaq çox çətindir. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımayacağını, Ermənistanda da bölgənin Azərbaycanın tərkibində qalacağı ilə heç zaman barışmayacağını deyir. Bu mövqelər o dərəcədə antoqanistdir ki, ümumi razılığa gəlmək mümkün deyil.

Ermənistanda maksimal əhval-ruhiyyə daha da artır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı rayonlar haqda əcaib bəyanatlar verirlər. Bu ölkədə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının zəruriliyini deyən siyasi lider yoxdur. Belə bir şəraitdə çoxtərəfli və birbaşa danışıqlarla nəsə əldə etmək problematikdir.

1990-cı illərdə oxşar situasiya keçmiş Yuqoslaviyada yaranmışdı, Delton sazişi ilə tərəfləri sülhə məcbur etdilər, açıq dedilər ki, razılığa gəlməsəniz vurulacaqsınız. Ona görə də, Paşinyanın Qarabağ ermənilərini danışıqlara cəlb etmək haqda danışması problemi həll etmək istəyini əks etdirmir. Sadəcə, müəyyən şərtlər irəli sürməklə danışıqlar prosesini uzatmaq oyunudur.

Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsini Ermənistanla müzakirə edə bilməz. Çünki Ermənistanla müzakirə İrəvanın Azərbaycanın daxili işlərinə müdaxilə hüququnu təsbit edir. Əgər statusu Ermənistanla müzakirə ediriksə, ən azından həmin ərazinin mübahisəli olduğunu etiraf edirik. Pol Qobl Azərbaycanın geostrateji əhəmiyyətini, xüsusilə də İrana gedən yolun üstündə olmasını qabardır. 

"Ermənistanda normal, adekvat siyasətçi görmək istəyirik"

İrana dişlərini qıcadan ABŞ üçün bu faktor da qıcıqlandırırcı rol oynaya bilər. Qoblın yenidən gündəmə qayıtması regionda və xüsusilə də Qarabağın taleyi ilə bağlı məsələdə iki dövlətin qarşıdurmasının kəskinləşməsi ehtimalından xəbər verə bilər.

Savaş təhlükə mənbəyidir. ABŞ-ın regionda təsirinin güclənməsi də yaxşı heç nə vəd etmir. Onların Qarabağla bağlı mövqeləri obyektivlikdən uzaqdır, Qarabağın Azərbaycana qaytarılması fikrindən uzaqdırlar. İndi daha çox nəzərlər Rusiyaya dikilib. Bəlkə də P. Qoblın "Kreml amili"ni şişirtməsi də bununla bağlıdır. Burada Qarabağ münaqişəsi hamı üçün önəmli amildir. Qarabağda Qərbin, ABŞ-ın da maraqları var. Cənubi Qafqaz maraq dairələrinə bölünməyib, regionun hansı gücün maraq dairəsində olduğu dəqiq müəyyənləşməyib. Hərbi əməliyyatlara gedən ölkə supergüclərdən ciddi təminat almalıdır. Belə təminatı isə çətin ki kimsə verməyə hazır olsun...