İDMAN

"Neftçi" klubunda yeni transfer

O, Azərbaycanın milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub
Sputnik

BAKI, 7 yanvar — Sputnik. "Neftçi" Peşəkar Futbol Klubu (PFK) daha bir transferi rəsmiləşdirib. Klubun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təcrübəli qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb.

29 yaşlı qolkiper komandanın heyətində 30 nömrəli formanı geyinəcək. Bu günə kimi "Bakı", AZAL, "Qəbələ" klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə "Neftçi"nin qapısını qoruyub. O, Azərbaycanın milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.

Qeyd edək ki, bundan əvvəl mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və həmyerlimiz Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanmışdı.