BAKI, 7 yanvar - Sputnik. Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarıllıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, digər Azərbaycan vətəndaşı-gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.
Agentlikdən bildirilib ki, bu gün saat 16:50-də Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.
Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliiyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən 9 u sahilə çıxarılıb.
Türkiyənin Samsun şəhərinin sahillərinə yaxın ərazidə, Panama bayrağı altında üzən gəmi batıb. Gəminin batdığına dair siqnal alınandan dərhal sonra xilasetmə əməliyyatlarına başlanılıb.
Sputnik Türkiyə-nin məlumatına görə, xilasetmə əməliyyatı zamanı gəmidəki 13 nəfərlik heyətdən 7-si sağ qurtarılıb, 2 nəfərinsə meyiti tapılıb.
Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) Panama bayrağı altında üzən bir gəminin batdığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Samsun sahillərindən 77 mil (130 km) uzaqlıqda Panama bayrağı altında üzən gəminin batdığına dair həyəcan siqnalı gələndən dərhal sonra xilasetmə işlərinə başlanılıb.
"Sahil Mühafizəsinə aid 2 gəmi, biri Hərbi Hava Qüvvələrinə aid olmaqla 3 helikopter və bir təyyarə xilasetmə istiqamətində fəaliyyət göstərib. Gəmidəki 13 nəfər heyət üzvündən 7-si xilas edilib. Xilasetmə işləri davam etdirilir. Səhiyyə Nazirliyinin təcili tibbi yardım helikopteri Sahil Mühafizəsinin Samsun Hava Qrupu Komandanlığında gözləyir" - deyə DİN-in məlumatında qeyd olunur.