İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 6 yanvar — Sputnik. Yolum Bilgəhdə yerləşən "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi"nə (Qocalar evinə) düşmüşdü. Onların şəraiti ilə tanış olub, vəziyyətləri ilə maraqlanırdım. Divanda oturub, məni gülərüzlə müşahidə edən yaşlı bir qadın diqqətimi çəkdi. Yaxınlaşanda, "səni tanıyıram, illər əvvəl gəlmişdin bura" dedi.
Mən onu xatırlamasam da, Zəminə xala "ötən görüşümüzdən" danışırdı. Deyəsən, məni kiminləsə qarışdırmışdı. Yanında oturub söhbətə başladım. Əvvəlcə mənə yazdığı şeirlərdən oxudu. Sonra isə yaşadıqlarından yadında qalanları danışdı. Öyrəndim ki, Zəminə Cəbrayılovanın 75 yaşı var. 46 il Fizuli rayonunda və Bakıda müəllim işləyib. 1993-cü ildən Qocalar evinin sakinidir.
Dediyinə görə, gəncliyi Fizuli rayonunda keçib. Elə ömrünün xoş günlərini də doğma yurdunda görüb. Sonra köçkünlük, yataqxana həyatı başlayıb: "Özüm fizika-riyaziyyat müəllimiyəm. Yadıma gəlir, Fizulidə 3 mərtəbəli məktəb vardı, orda çalışırdım. 1993-cü il avqust ayının 31-də Fizulidən gəldik. Sentyabrın 1-də Biləcəridə 284 saylı məktəbdə dərs deməyə başladım".
Zəminə xanımın ailə həyatı cəmi 7 il davam edib. Həyat yoldaşı qəflətən dünyasını dəyişib. Qadın sonradan ailə həyatı qurmaq barədə heç düşünməyib: "Həyat yoldaşım da fizika-riyaziyyat müəllimi idi. O öldükdən sonra ailə qurmadım. Dedim, uşaqlarımı saxlayım. Anam da razı deyildi. Anam özü də 12 yaşında ailə qurmuşdu, 21 yaşında dul qalmışdı".
Zəminə xanım danışır ki, babası Fizuli rayonunda sayılıb-seçilən kişilərdən olub: "Babam Muxtar Cəbrayılov o dövrdə qızıl tapıb, dövlətə təhvil verib. Mircəfər Bağırov da babama ikimərtəbəli ev, 1 hektar torpaq sahəsi, tapança, patron verib. Babama Füzulidə uzun tapançalı Cəbrayılov deyirdilər. O, öləndən sonra mən bütün sənədlərini tarix muzeyinə təhvil verdim. Sənədləri Məşədi Əzizbəyovun nəvəsi Püstə xanım qəbul elədi və dedi ki, babanın adını "Qızıl kitaba" daxil edəcəm".
"Elə məni də yoldaşım Muxtar Cəbrayılovun nəvəsi kimi tanıyıb almışdı. Bəyənmişdik bir-birimizi. İki övladım: bir qızım, bir oğlum dünyaya gəldi. Qızım ingilis dili müəlliməsi idi. Yadınıza gəlirsə, Bakıda güclü zəlzələ olmuşdu. O vaxt qızım möhkəm qorxub xəstələndi. Elə onunla da dünyasını dəyişdi. Noyabrın 14-də ölümünü 12-ci ili tamam oldu" – deyə həmsöhbətim bildirir.
Hazırda Zəminə xanımın bir oğlu var. Amma o, Qocalar Evində yaşamağa üstünlük verir: "Buranın havası təmizdir, sakitçilikdi. Yadıma gəlir, köçkün kimi Bakıya gələndə bizi vağzalda Heydər Əliyev qarşılamışdı. Bizə dayaq olacağını demiş, məskunlaşdırmışdı. O vaxtlar uşaqlarım yataqxanada məskunlaşmışdı. Çox çətin günlər yaşamışıq. Amma şükür ki, geridə qalıb".
Zəminə xanım boş vaxtlarında düşüncələrini misralara tökür: "Üç şeirlər kitabım var. Hətta o kitabları Leyla xanım Əliyevaya da hədiyyə etmişəm. Leyla xanım tez-tez bizim yanımıza gəlir. Keçən dəfə gələndə yanımda oturmuşdu. Mən də ona kitablarımı verdim. Oxuyacağına söz verdi".
Qocalar evinin digər sakinləri kimi Zəminə xanım da "ASAN xidmət" könüllüsüdür. Dediyinə görə, bu işə başlayandan bütün həyatı dəyişib. İnsanlarla ünsiyyət onda həyata olan marağı, sevgini daha da artırır.
Zəminə xanım artıq zəif eşidir. Ancaq bu, onda olan həyat eşqini öldürmür. Gülümsəyir, zarafatlar edir. İllərin bir göz qırpımında keçdiyini belə, hiss etmir...