CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Səssizliyin səsini eşitmisiniz? O səs adamı dəli edir"

Bilgəhdə yerləşən "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi"ndə yüzlərlə belə qoca var
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. İnsan yaşa dolduqca kövrəkləşir, daha incə qəlbli, tez küsən, inciyən olur. Deyilən hər sözün, hər davranışın arxasında nəsə axtarmağa çalışır. Həmişə elə düşünür ki, övladına artıq yükdür, ağırlıqdır. Övladı bunu dilinə gətirməsə də, yaşlı insan ancaq bu barədə düşünür. Bir qədər soyuqluq, laqeydlik görən kimi özünə qapanır. Bəzən isə özünə qapanmaqdan da artığını edərək təkliyi seçir.

Təəssüflər olsun ki, bəzən övladlar da ana-atasının kövrəkliyindən bezir, onlardan imtina edir. Onları isti yuvasından, ocağından qoparıb tənhalığa məhkum edir, qocalar evinə gətirirlər. Çox zaman isə onlar üçün burnunun ucu göynəyən valideynlərini yoxlamağa, görməyə də gəlmirlər. Valideynlərinin yaşadıqlarını, sağ olduqlarını unudurlar. Hətta öləndən sonra dəfn etmək üçün cənazələrinə belə, sahib çıxmırlar.

Bilgəhdə yerləşən "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi"ndə yüzlərlə belə qoca var. Çoxunun bəxti övlad sarıdan gətirməyib. Çoxu rahatlığını burda tapsa da, tərk edilməyi qəbul edə bilmir. Müəssisədə 240-a yaxın qoca yaşayır. Hərəsinin bir dərdi, bir nisgili, narazılığı, narahatlığı var. Onlardan bir neçəsi ilə danışıb, düşüncələri, problemləri, qayğıları ilə yaxından tanış olmaq istədik.

"Səssizliyin səsini eşitmisiniz? O səs adamı dəli edir"

70 yaşlı Həbib Qənbərov 13 ildir ki, qocalar evinin sakinidir. Deyir ki, elə rahatlığını, sakitliyini burada tapıb: "Hər il bir az da yaşa doluram, qocalıram. Şəkər xəstəliyi məni yorur. Burada insanlar bir-biri ilə çox mehribandırlar. Hərəsi bir bölgədəndir, hərəsinin bir həyat yolu var. Hərədən bir şey öyrənirsən, kiminlə ünsiyyətin alınırsa, danışırsan, dərdləşirsən".

Otağı təmiz və səliqəli olan Həbib dayı nədənsə bura gəlməsinin səbəblərindən danışmaq istəmir. Deyir "ay bala, gəlmişəm də. Yaşlı adamam, rahat, sakit yaşamaq üçün gəlmişəm. Burdakı səssizlik mənimçün hər şeyə dəyər".

71 yaşlı Mələk Quluzadə isə əslən Maştağalıdır. Uzun illər ailəli olsa da, övladı olmayıb: "İbtidai sinif müəllimiydim. Qoymadılar çox işləyim. Çünki hamilə qalanda açılışlarım olurdu. Hamı deyirdi ki, işə getdiyin, özünü yorduğun üçün uşaqların qalmır. O vaxtlar indiki kimi tibb inkişaf etməmişdi. Heç kim dərdimi bilmirdi. Mən də razılaşıb oturdum evdə. Nə uşağım qaldı, nə işim oldu".

"Səssizliyin səsini eşitmisiniz? O səs adamı dəli edir"

Mələk xanım deyir ki, uzun illərdən sonra hamiləliklərinin niyə davam etmədiyinin səbəbini öyrənib: "Sən demə, qanımda antitel varmış. Təsəvvür edə bilrisiniz, mən bunu indi bilmişəm. Hamilə qala bilməmişəm".

Həmsöhbətimizdən onu da öyrənirik ki, 1997-ci ildə həyat yoldaşı dünyasını dəyişib. Bundan sonra bir müddət işləyib, tək yaşayıb. İnfarkt olduqdan sonra isə təklikdən qorxmağa başlayıb. Xəstələnəndən sonra həkimə, mağazaya gedə bilməyib, qorxub ki, yollarda ölər. Buna görə də, qocalar evinə üz tutub.

"Qadın üçün tənhalıq ölüm kimidir. Səssizliyin səsini eşitmisiniz? O səs adamı dəli edir. Amma bura ev kimidir. Qonaqlarımız gəlir. Burada yemək də bişirilir. İstəyəndə yeyirəm, istəməyəndə də, öz pensiyam var, ürəyim istəyəni alır, bişirib yeyirəm. Burada həyatım çox yaxşıdır. Daha qorxularım da yoxdur. Bir balaca ürəyim ağrıyan kimi tibb bacısına deyirəm" – deyir qocalar evinin sakini.

"Səssizliyin səsini eşitmisiniz? O səs adamı dəli edir"

Mələk xala danışır ki, "ASAN xidmət"in yaşlı könüllülər layihəsinə qoşulandan sonra həyatı daha da dəyişib: "Orada uşaqla gələn valideynlərin uşaqlarına baxıram, sənədlərin qaydaya salınmasında yardım edirəm. Qoca üçün belə bir iş, onun ömrünü uzatmaq deməkdir".

83 yaşlı İbrahim Abdullayev isə 4 ildir ki, qocalar evinin sakinidir. İbrahim dayının əsli Aşurbəyovlara gedib çıxır. Deyir ki, nənəsi Nabat xanım Aşurbəyova ilə əmi uşağı olub. Ona "haralısan?" sualı vermək olmur, əsəbiləşir. Deyir ki, "Mən Azərbaycanlıyam. Azərbaycanımı bölgələrə bölməyin".

Dediyinə görə, o da qocalar evində özünü çox rahat hiss edir: "Uzun illər yaxşı vəzifədə çalışmışam. Evim, obyektlərim olub. Amma dünyanın malı dünyada da qalmır. Evim yandı, obyektlər bir-bir əldən çıxdı. Bir oğlum var, o da xəstədir. Mən ondan cavan görünürəm. Yük olmaq istəmirəm heç kimə. Bura sakitlikdir, rahatlıqdır, dövlət də qayğımıza qalır. Özüm pensiya da alıram".

"Səssizliyin səsini eşitmisiniz? O səs adamı dəli edir"

"ASAN xidmət"də çalışmaq İbrahim dayının da həyatını dəyişib. Yaşamağa stimul, yeni həvəs verib: "Mən "ASAN xidmət"də sanki yaşayıram. İşçiləri pozitivdir. İnanın, bu layihəyə qoşulandan sonra yaşamağa başlamışam. Rusdilliyəm deyə "ASAN"-a gələn rus dilli insanlarla danışıram, qaydaları əcnəbilərə izah edirəm. Oranın işçiləri ilə söhbət edirik, çay içirik. Çox gözəl həyatdır".

Qocalar evinin yeni sakini Məhəmməd Əliyevin isə 76 yaşı var. Hələ bura öyrəşməyib, ailəsindən uzaq olmaq, tərk edilmək incidir ürəyini. Danışdıqca gözləri dolur, səsi titrəyir, ancaq qürurunu qırmaq istəmir: "10 aydır ki, buradayam. Mən buna layiq deyildim. Burada əsəblərim daha da gərginləşir. Mən alışa bilmirəm bu həyata. Ali savadlı mühəndis-mexanik olmuşam. Övladlarım da var".

Yaxşı işləyib tez qocalmamaq üçün nə etməli...

Qocalar evinin digər sakinlərindən daha kövrək görünən Məhəmməd dayı onu övladlarından ayrı salan səbəblərdən isə danışmaq istəmir: "Məni öldürsəniz də, demərəm. Bircə onu deyə bilərəm ki, mən bu davranışlara layiq deyildim. Burada hər şey qaydasındadır, şərait yaxşıdır. Amma əsəb xəstəliyim və təzyiqim var. Bir də keçmiş məni rahat buraxmır. Bağışlaya bilmirəm".

"Ataların bir misalı var: "Qana qan". Mən də elə düşündüyümə görə boğuluram. Bura düşmək üçün mənim heç bir səbəbim yox idi. Xəstə deyildim, özümü idarə edə bilirdim. Burda öz paltarlarımı da özüm yuyuram, otağımı da özüm yığışdırıram. Vaxtımı öldürürəm. Amma düşünürəm ki, bu da keçəcək. Bu da bir gün bitəcək" – deyən həmsöhbətimiz bundan artıq danışmaq istəmir.

Qocalarla sağollaşıb, pansionatdan ayrılırıq. İbrahim dayı isə arxamızca gəlib xahiş edir ki, onlara tez-tez baş çəkək. Biz də söz veririk, yenə gələcəyik...