BAKI, 23 dekabr – Sputnik. "Bu, Bakıya ilk səfərimdir. Təəssüf ki, burada qısa müddətdə olacağam. Gələn dəfə çalışacağam ki, daha çox vaxtım və şəhəri gəzmək imkanım olsun".
Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, bunu Bakıda səfərdə olan məşhur argentinalı futbolçu Ernan Krespo jurnalistlərə açıqlamasında deyib.
Hazırda yerli "Banfild" komandasının baş məşqçisi olan 43 yaşlı sabiq hücumçu digər sualları da cavablandırıb...
- 2019-cu il mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçını izləyəcəksiniz?
- Bəli, olacağam. Bu yaxınlarda Argentinanın "Banfild" komandasına baş məşqçi təyin olunmuşam. Ola bilsin, işlə əlaqədar gəlməyim. Amma imkan olsa, alınsa, gələcəyəm.
- Finalda hansı komandanı görmək istərdiniz?
- (gülür) "Çelsi", İnter", "Latsio". Çox istərdim ki, bu 3 komandadan hansısa Bakıda olsun. Çünki bu komandalarda özüm də çıxış etmişəm və onlara simpatiyam var.
- Adlarını çəkdiyiniz komandalardan 2-si ilə Azərbaycan təmsilçiləri də qarşılaşıblar. Həmin oyunları izləmisiniz?
- Xeyr, o oyunları izləyə bilməmişəm. Amma digər komandaları izləmişəm. Deyə bilərəm ki, Avropa Liqası xüsusən bu mövsümdən çox güclü turnirə çevrilib və orada çox yaxşı komandalar mübarizə aparırlar.
- Yeni avrokubok yarışı yaradıldıqdan sonra Azərbaycan klublarının şansları daha da azala bilər...
- Bu haqda bir söz deyə bilmərəm. Necə olacağına özümüz şahidlik edəcəyik.
- Təşkilatçılıq və finala hazırlıqla bağlı sizdə hansı təəssüratlar yarandı: Bakı Olimpiya Stadionunda oldunuzmu?
- Hələ stadionda olmamışam. Hava limanından birbaşa bura gəlmişəm. Təşkilatçılıq isə çox yüksək səviyyədədir. Hər kəsə - bura gələn və mənimlə söhbət edənlərə çox təşəkkür etmək istərdim. Bundan çox böyük həzz aldım. Məni görmək istəyən bu qədər insanın olacağını düşünmürdüm.
- Hazırda "Banfild"də çalışırsınız. Gələcəkdə hansı komandaya rəhbərlik etmək istərdiniz?
- Bu haqda düşünürəm. Amma hər şeyi gələcək göstərəcək. Əlbəttə, çalışmaq istədiyim komanda var. Bəlkə Azərbaycana gələcəyəm? Bilmək olmaz.