HADİSƏ

Gürcüstanda azərbaycanlılar və türkiyəlilər kütləvi hücuma məruz qalıblar

Daxili İşlər Nazirliyi məsələnin araşdırılmasını xüsusi nəzarətə götürüb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Gürcüstanın Zuqdidi rayonunda 8 nəfər "Tural Group" meşə fındığı emalı fabrikinin azərbaycanlılar və türklərdən ibarət işçilərinə hücum edib. Bu barədə Sputnik Azərbaycan-a Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev məlumat verib.

Gürcüstanda azərbaycanlıların maşınına silahlı basqın edilib

Silahlı basqın dekabrın 20-də saat 22:00-da baş verib. Maskalı adamlar fabrikin binasına daxil olaraq oradakı bir neçə işçini (ilkin məlumata görə 5 nəfəri) döyüblər və sonra onların əl-qolunu bağlayıblar.

İşçilər arasında etnik azərbaycanlılardan biri xüsusilə zərər çəkib. O, xəstəxanaya aparılıb və ağır kəllə-beyin travması aldığı məlum olub.

Bu yolla quldurlar müəssisədən 50 min lari (təqribən 32 min manat) pul aparıblar. Hazırda polis quldur hücumunda iştirak etməkdə şübhəli bilinən şəxsləri axtarır.

"Hələlik məlum olan yalnız budur. Biz hadisələrin inkişafını izləyirik və zavoda basqın edən şəxslər saxlanılarsa, bu barədə KİV-ə məlumat verəcəyik" - deyə Əli Babayev bildirib.

Faktla bağlı istintaq başlayıb. Gürcüstanın Daxili İşlər Nazirliyi məsələnin araşdırılmasını xüsusi nəzarətə götürüb. Çünki "Tural Group" bu ölkədəki ən böyük investorlardan biridir.