BAKI, 20 dekabr — Sputnik. Milli Məclis Azərbaycanla Rusiya arasında iki mühüm sənəd qəbul edib. Deputatlar "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə" qanun layihəsini və "Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə və qəbul ediblər.
Millət vəkilləri Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf etdiyini və strateji xarakter dağıdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, təsdiq olunan sənədlər iki ölkə arasında münasibətlərin inkşafına mühüm töhfə verəcək. Spiker Oktay Əsədov bildirib ki, bu sənədlər Azərbaycan ilə Rusiya arasında əlaqələrin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir.
Vurğulayaq ki, son zamanlar rəsmi Bakı Qərblə yanaşı, MDB ölkələri və Türkiyə ilə də sıx əməkdaşlıq edir. Ankara rəsmi Bakının strateji müttəfiqidir. Rusiya isə Azərbaycanın sərhəd qonşusu olmaqla yanaşı strateji tərəfdaşıdır.
Rusiya və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişlənməsi də Azərbaycanı mühüm tərəfdaşa çevirir. Rusiya Türkiyəyə 25 milyard dollar, Türkiyə isə Rusiyaya 6 milyard dollar mal ixrac edir. Rusiya Türkiyədə 2 milyard dollarlıq atom elektrik stansiyası tikir.
Azərbaycan şirkətləri bu halda iqtisadi baxımdan müəyyən manevrlər etmək imkanına malikdir. Türkiyə ilə Rusiya arasındakı ticarət dövriyyəsi olduqca böyükdür. Belə ki, Türkiyə il ərzində Rusiyaya 5.9 milyard dollarlıq mal göndərir. Göndərilən məhsulların böyük bir qismi ərzaq və geyim məhsullarıdır. Türkiyə Rusiyadan 25 milyard dollarlıq mal xüsusən enerji resursları idxal edir. Türkiyənin ixrac etdiyi qida məhsullarının 20%-i, geyim məhsullarının isə 15%-i Rusiya bazarına göndərilir.
Ənənəvi olaraq Azərbaycan şirkətləri, fermerləri Rusiya ilə daha çox işləyirlər. Rusiyadan Azərbaycana gələn turistlərin sayının artması da şimal qonşumuzu cəlbedici iqtisadi tərəfdaş edir. Bu baxımdan Azərbaycanın turizm sektoru rusiyalı turistlərin bir qismininin ölkəyə cəlb edilməsi imkanlarına malikdir.
Azərbaycan və Rusiyanın qonşu ölkələr olması, xüsusən son illər qış turizminin inkişaf etdirilməsi Azərbaycana rusiyalı turistlərin bir qismini cəlb etmək imkanları verir. Lakin əsas hədəf siyasətdir və Türkiyə-Rusiya-Azərbaycan üçbucağının formalaşdırılmasıdır. Bu amil Rusiya-Türkiyə-Azərbaycan münasibətlərinin son illər artan inkişafından xəbər verir.
Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktoru 2023-cü ildə işə düşəcək. Bu, o deməkdir ki, ən azı 2023-cü ilə qədər Rusiya-Türkiyə münasibətlərində problem olmamalıdır. Geniş iqtisadi münasibətlər istər-istəməz siyasi riskləri də azaldır. Rusiya Türkiyəyə satdığı "S-400" raketlərini Ankaraya vaxtından əvvəl təhvil verəcək. Öz növbəsində Putin də Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq "Türk axını" layihəsinin sürətlə icrasından məmnundur.
Beləliklə, Moskva ilə Ankara Rusiya-Türkiyə münasibətləri tarixində indiki qədər bir-birinə bu qədər yaxın olmayıb. Moskva Vaşinqtondan fərqli olaraq, Türkiyə ordusunun Suriyada hərbi əməliyyatına mane olmaq istəmir. Bu da Ankara üçün vacibdir. Putin ortaq mətbuat konfransında PYD və YPG-ni terrorçu təşkilat adlandırmasa da, Türkiyə ordusunun bu iki terroprçu qruplaşmanı Suriya ərazisində neytrallaşdırmasına mane olmur.
Burada daha bir formata diqqət etmək lazım gəlir. Rusiya-Türkiyə-İran formatı Suriyada real əməkdaşlıq edir, bir-birlərinə mane olmurlar. Hətta Ərdoğan Putinə və Ruhaniyə təklif edir ki, Suriyada infrastruktur çalışmalarını da 3 ölkə birgə həyata keçirsin.
Bəzi araşdırmaçılara görə, Türkiyə-Rusiya-İran formatı gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilər. Beləliklə, Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu 3 ölkənin hər biri ilə quru sərhəddi var. Bu baxımdan Azərbaycan mövcud üçtərəfli formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır.
Onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir. Digər tərəfdən Türkiyə və İran danışıqlar prosesindən kənarda qalmalarından narazıdır. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər. Lakin bunun üçün Suriyada müharibə bitməli və davamlı sülh əldə olunmalıdır. Məhz bundan sonra Türkiyə-Rusiya-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərə bilər.
Başqa tərəfdən, Rusiya üçtərəfli formatın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasına razılıq verməlidir. Çünki, Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını istəmir. Rusiya Ermənistanı yola gətirməlidir. Lakin Paşinyan hakimiyyəti Rusiyaya qarşı çıxışlar edir və bununla da öz diplomatik manevr imkanını daraldır...
Azər RƏŞİDOĞLU