HƏRBİ

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair mühüm razılıq əldə olunub

Gələn il üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toplantıda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri, o cümlədən iki ölkənin orduları arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Həmçinin 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb. Görüşün sonunda 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair, eləcə də "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında" protokollar imzalanıb.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair mühüm razılıq əldə olunub

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi korpus generalı Mətin Gürakdır. Bu formatda növbəti 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının 2019-cu ilin sonunda Azərbaycanda keçirilməsi planlaşdırılır.