İDMAN

Reynaldo yenidən "Qarabağ"da

Futbolçu ilə 2.5 illik müqavilə imzalanıb
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Bu gün "Qarabağ" futbol klubu 2019-cu il öncəsi ilk transferini reallaşdırıb. Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, 2013-2016-cı illərdə komandamızda 87 oyunda 43 qolla yadda qalan sabiq forvard Reynaldo Silva yenidən "Qarabağ"a qayıdıb.

Futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. Reynaldo komandaya qayıdışı haqda bunları deyib: "Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm".

"Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Buraya komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm" - o bildirib.