Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası gələn ildən daha bir yenilik həyata keçirəcək. Belə ki, 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ilk dəfə olaraq "Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi" proqramının tətbiqinə başlanacaq. Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradacaq.
Yəni qiymətləndirmədə iştirak üçün hər bir vətəndaş Şuranın e-qht.az elektron xidmətlər portalında yaradılmış "Vətəndaşların layihələri qiymətləndirməsi" bölməsində qeydiyyatdan keçib, Şuranın müəyyən etdiyi müsabiqə mövzularının istənilən birinə daxil olaraq layihələrlə tanış olub, rəy verib, qiymətləndirə biləcək. Vətəndaş, maliyələşdirilməsini məqsədəmüvafiq hesab etdiyi layihə haqqında gəldiyi nəticəni rəy bölməsində əsaslandıracaq və bununla da belə rəylərin (minimum 20 bal, 1 bal 3 rəydir) toplandığı layihənin maliyyələşdirilməsi Şuraya tövsiyə olunmuş hesab ediləcək.
Maraqlıdır, "Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi" proqramı özünü nə dərəcədə doğruldacaq? Müsabiqəyə layihə təklif edən QHT-lər vətəndaş qiymətləndirməsi zamanı hansısa subyektiv və qərəzli münasibətlə qarşılaşmayacaqlar ki? Vətəndaşlar QHT layihələrini qiymətləndirməkdə nə dərəcədə maraqlı olacaqlar? Onları bu işə kim səfərbər etməlidir? Sputnik Azərbaycan bütün bu sualların cavablarını QHT sədrlərindən öyrənməyə çalışıb.
"Bələdiyyələrin İnkişafına Yardım" İB-nin sədri Niyaməddin Orduxanlı bu layihəni çox müsbət qarşılayır və təqdir edir: "QHT-lər konkret olaraq vətəndaş cəmiyyətinin təmsilçiləridir. Vətəndaşların da hüququ olmalıdır ki, onları təmsil edən QHT-nin hazırladığı layihələr haqqında fikir bildirsinlər. Bu yenilik də bütün vətəndaşlara müsabiqəyə təqdim olunan layihələrin qiymətləndirilməsində bilavasitə iştirak etmək imkanı yaradacaq. Hər kəs sərbəst şəkildə istənilən QHT-nin hazırladığı layihəyə öz qiymətini verə biləcək".
"Vətəndaşların QHT layihələrini qiymətləndirməsi işində həm Şura, həm də QHT-lər aktiv iş aparmalıdır. Nəzərə alaq ki, Azərbaycanda 10 milyon əhalinin 8 milyona yaxını internet istifadəçisidir və 3 milyondan artıq şəxs sosial şəbəkədən istifadə edir. Bu cür imkanlarla hər istiqamətdə fəaliyyət aparılmalıdır. Tək Şura deyil, bütün vətəndaş cəmiyyətinin nümayəndələri birgə iş aparmalıdır" - Orduxanlı bildirib.
Mətbuat şurasının üzvü, ictimai fəal Azər Həsrətin fikrincə isə, yeni layihə olduqca qeyri-ciddi, heç bir obyektiv gerçəkliyə xidmət edə bilməyəcək yanaşmadır: "Bu əcaib qayda haqqında oxuyanda çaşıb qaldım. Mən zatən QHT sektorundakı mənasız və zəhlətökən qaydalara görə bu sahədən uzaqlaşdım. Belə anlaşılır ki, Azərbaycanda kimlərsə QHT-lərin normal fəaliyyətində maraqlı deyil və ona görə də bu cür süni və mənasız əngəllərə rəvac verirlər".
"Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu deyib ki, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəmiyyətdə gərginliyin azalmasına səbəb olan bir sıra mühüm addımlar atıb: "Bu gün o qədər də sadə olmayan bir durumda QHT-lərin vəziyyəti də ürəkaçan deyil. QHT-lərə Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyətinin formalaşdırılmasındakı səylərini təqdir edirəm. Lakin zaman-zaman elə tələblər irəli sürülür ki, bunun realizəsi olduqca çətin və lazımsızdır".
"Yeni proqramı da absurd hesab edirəm. 60 nəfər Şuranın saytında qeydiyyatdan keçməli, layihəmizi oxuyub müsbət rəy verməlidir ki, ondan sonra Şura onu ekspert qiymətləndirməsinə göndərsin. 60 nəfər ekspert QHT layihələrini hansı kriteriyalar üzrə və necə dəyərləndirəcək, onlar bu müstəvidə hansı biliklərə malikdirlər? Bu proqramın tətbiqi ona gətirib çıxarda bilər ki, bir çox nüfuzlu QHT-lər Şuraya qrant üçün müraciət etməkdən imtina edər və kənara çəkilə bilər. Nəzərə alsaq ki, QHT-lərin rəhbərləri kifayət qədər nüfuz sahibləridir, belə addım vətəndaş cəmiyyətinin siyasi hakimiyyətdən narazılığına səbəb ola bilər. Düşünürəm ki, bu məsələ ciddi müzakirə edilməli və sonra qərar qəbul edilməlidir" - A.Rəşidoğlu vurğulayıb.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bunu maraqlı yanaşma hesab edir: "Yeni qayda vətəndaşların özlərinə şans verəcək ki, hansı sahənin həllinə görə maliyyə ayrılmasını istəsinlər. Lakin obyektivliyinə əmin deyiləm. Nəzərə alsaq ki, bir çox layihə verən şəxs öz dost-tanışlarını səsverməyə cəlb edəcək, o halda obyektivliyə təminat şübhə doğuracaq. Məncə, ən yaxşı hal layihənin ekspertlər tərəfindən qiymətləndirilməsidir. Layihə verilən tərəf bütün günü dəstəkləyəci axtaracaq, bu isə qarşı tərəfin nə qədər obyektiv, yaxud məlumatlı olduğunun müəyyənləşməsinə maneçilik törədəcək".
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayevanın sözlərinə görə, layihələrin vətəndaşlar tərəfindən on-layn qiymətləndirilməsi ideya olaraq maraqlıdır: "Ümidvaram ki, Şura layihələrin qiymətləndirilməsində şəffaflığı, vətəndaş iştirakçılığını təmin etmək üçün bu proqramı hazırlayıb. Amma düşünürəm ki, onun reallaşdırılması bir qədər əziyyətli olacaq. Çünki bununçün əvvəlcə uzun müddət vətəndaşlar arasında təbliğati və izahat işləri aparmaq lazım gələcək. Onları inandırmaq lazımdır ki, Şura müsabiqəyə təqdim olunan layihələrə üstünlük verərkən vətəndaşların rəyini mütləq nəzərə alacaq".
"Digər tərəfdən vətəndaşları bu işə səfərbər etmək lazımdır. Bilirsiniz ki, bizim cəmiyyətdə insanlar, adətən, maddi və siyasi maraqları olmayan işlərə o qədər də həvəslə yanaşmırlar. Belədə QHT-lər öz layihələrinin müsabiqəyə buraxılması üçün adamların əl-ayağına düşməli olacaqlar ki, onların layihələrini oxuyub müsbət rəy versinlər. Təşəbbüsə öz xoşuna qoşulan vətəndaşların subyektiv və qərəzli olmayacağına isə heç bir təminat yoxdur. Çünki Azərbaycan cəmiyyətində QHT-lərə münasibətin birmənalı olmadığı sirr deyil. Vətəndaşları bu işə səfərbər etmək vəzifəsi məntiqlə təşəbbüskar tərəfin üzərinə düşür" - deyə o bildirib.
"Amma təbii ki, layihəsinin müsabiqədə qalib gəlməsini istəyən QHT-lər etibar etdikləri vətəndaşları bu işə cəlb etməyə çalışacaq. Ümumilikdə isə hazırda milli QHT-lər dövlət tərəfindən dəstəklənsə də, layihələrin icrasına ayrılan vəsaitlər olduqca azdır. Ölkədə müşahidə olunan qeyri-rəsmi inflyasiya fonunda, ayrılan vəsaitlər hesabına layihələri istənilən səviyyədə, keyfiyyətli icra etmək çətindir. Digər tərəfdən, QHT-lərin xarici donorlara və qrant kütləsinə çıxışları da məhdudlaşdırılıb. Şuranın verdiyi kiçik qrantlar müqabilində tələb olunan iş və hesabatlar olduqca ağırdır. Bu cür təşəbbüslər nə qədər şəffaflığa, ümumi işin səmərəliliyinə xidmət etsə də, əslində, onsuz da vəziyyəti yaxşı olmayan QHT-lərin üzərinə əlavə yük, məsuliyyət qoyur. Ümid edirəm ki, Şura rəhbərliyi sözügedən proqramın tətbiqinə başlamazdan qabaq yarana biləcək problemlər ətrafında bir daha düşünəcək." – Ü.Abdullayeva əlavə edib.