İDMAN

Qurban Qurbanovun tərk etdiyi postla bağlı ilginc iddia - AFFA təkzib etmir

"Milliyə dəvət olunacaq namizədlərin tam siyahısı hələ hazır deyil"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Qurban Qurbanovun istefasından sonra Azərbaycanın futbol üzrə milli komandası "başsız" qalıb. Q.Qurbanovun postuna gələcək yeni baş məşqçinin kimliyi hələ də müzakirə olunur.

Qurban Qurbanov getdi

İddia edilir ki, millinin keçmiş baş məşqçisi Robert Prosineçki yenidən baş məşqçi postuna gətiriləcək. Onun özünün də buna razı olduğu, çünki hazırda Bosniya və Herseqovinada baş məşqçi kimi fəaliyyət göstərsə də, daha az əmək haqqı aldığı bildirilir.

Sputnik Azərbaycan deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya müraciət edib. O bildirib ki, milliyə dəvət olunacaq namizədlərin tam siyahısı hələ hazır deyil: "Yekun məlumat olmadığı üçün nəyisə təsdiq və ya təkzib edə bilmərəm".

Məsələyə idman yazarı Natiq Muxtarlı da fikir bildirib. "AFFA rəhbərliyinin Robert Prosineçkiyə təklif göndərməsini, tamamilə, inandırıcı saymaq olar. Çünki AFFA rəsmilərinin o qədər də peşəkar olduqlarını düşünmürəm. Robert Prosineçkinin isə qeyri-peşəkar olduğuna inanmıram".

Qurban Qurbanovun tərk etdiyi postla bağlı ilginc iddia - AFFA təkzib etmir

"Prosineçki Azərbaycan yığmasında heç bir perspektiv görmədiyi üçün burdan getmişdi. Hesab edirəm ki, o, özünü məşqçi kimi sübut etmək niyyətindədir. Bu niyyətini isə həyata keçirmək üçün ona perspektivi olan yığma, sərəncamında isə istedadlı futbolçuların olması vacibdir. Bu perspektiv və elə istedadlı futbolçular isə Azərbaycanda yoxdur" – deyə mütəxəssis vurğulayıb.

N.Muxtarlının fikrincə, əgər Prosineçki Azərbaycana qayıdarsa, deməli, ona kifayət qədər yüksək məbləğ təklif edəcəklər ki, peşəkarlığı qurban verməli olsun: "O, burada işləyərkən ilinə 1 milyon avro qazanırdı. Bu dəfə ona ən azı ilə 2 milyon avro təklif olunmalıdır ki, geri qayıtsın".

Süleymanov: "Problem tək məşqçilərdə deyil, ümumi futbol idarəçiliyindədir"

"Amma qayıdıb nəyə nail olacaq ki?! Onun qayıdışı heç nəyi dəyişməyəcək. Çünki Azərbaycan yığmasını uğura daşıya biləcək futbolçularımız hələ ki, yoxdur. O futbolçuların yetişməsi üçün lazım olan vəsaiti isə AFFA rəhbərliyi uzun illər Foqtsa, Prosineçkiyə verib" – deyə idman mütəxəssisi bildirib.

Xatırladaq ki, Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb. Bu barədə qərar AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı keçirdiyi iclasında açıqlanıb.

Qurbanov millidən ayrıldığını təsdiq edib: "Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı. Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır".

"Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini "Qarabağ"dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam" - o bildirib.

"Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək" – deyə o əlavə edib. "Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Öz işimi vicdanla gördüm. Rahatam" - millinin sabiq baş məşqçisi vurğulayıb.