CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə dövlət rəmzi ilə bağlı mühüm qanun qəbul edilib

"Dövlət Gerbi haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul olunub
Sputnik

BAKI, 18 dekabr - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, 9 maddədən ibarət olan layihə Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.

İlham Əliyev himnimiz, bayrağımız və gerbimizlə bağlı Qanun imzaladı

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qanun layihəsini təqdim edirik:

Maddə 1. Dövlət Gerbi

1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzlərindən biridir.

1.2. Dövlət Gerbinin təsviri "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

Maddə 2. Dövlət Gerbinə hörmət

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinin I hissəsinə əsasən, hər bir vətəndaş (o cümlədən Azərbaycan Respublikasının ərazisində olan hər bir əcnəbi və vətəndaşlığı olmayan hər bir şəxs) Dövlət Gerbinə hörmət etməlidir.

Maddə 3. Dövlət Gerbi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Dövlət Gerbi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 4. Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri

4.0. Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. əhali arasında Dövlət Gerbinin mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması üçün maarifləndirmə işləri aparmaq;

4.0.2. gənc nəslin Dövlət Gerbinə hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görmək;

4.0.3. Azərbaycan Respublikasının ərazisindən kənarda Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına uyğun olaraq tədbir görmək;

4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.

Maddə 5. Dövlət Gerbinin qabarıq rəngli təsvirinin mütləq vurulduğu yerlər

5.0. Dövlət Gerbinin qabarıq rəngli təsviri aşağıdakı yerlərə mütləq vurulur:

5.0.1. Prezident Sarayının binasına, dövlət iqamətgahlarının binalarına və Azərbaycan Respublikası Prezidentinin iş otağına;

5.0.2. Azərbaycan Respublikası Milli Məclisinin binasına, Milli Məclisin iclas salonuna və Milli Məclisin Sədrinin iş otağına;

5.0.3. Azərbaycan Respublikasının bütün məhkəmələrinin binalarına, məhkəmə iclas zallarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və Ali Məhkəməsi sədrinin iş otağına;

5.0.4. dövlət və yerli özünüidarə orqanlarının binalarına və iclas salonlarına;

5.0.5. Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin və konsulluqlarının binalarına.

Maddə 6. Dövlət Gerbinin təsvirindən istifadə

6.1. Dövlət Gerbinin rəngli təsvirindən hüquqi aktların blanklarında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında və dövlət istiqraz vərəqələrində, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının sənəd blanklarında, möhürlərində və binalarının lövhələrində, Azərbaycan Respublikası Milli Məclisinin rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında mütləq istifadə olunur.

Dövlət himni qalmaqalı və Tahir Kərimlinin sovet nostaljisinə cavab

6.2. Azərbaycan Respublikasının qanunvericiliyində Dövlət Gerbinin təsvirindən istifadənin digər halları da müəyyən edilə bilər.

6.3. Dövlət Gerbinə dərin ehtiram bəsləyən hər bir şəxs Dövlət Gerbinin təsvirindən istifadə edə bilər.

Maddə 7. Dövlət Gerbinin istifadəsinə dair məhdudiyyətlər

7.1. Dövlət Gerbi "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun təsvir edilməli və bu Qanunda nəzərdə tutulmuş qaydada istifadə edilməlidir.

7.2. Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Maddə 8. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 9. Yekun müddəalar

9.1. Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 463; 2005, № 2, maddə 61; 2006, № 3, maddə 225; 2010, № 4, maddə 276; 2013, № 5, maddə 463) ləğv edilir.

9.2. Dövlət Gerbinin vurulması, istehsalı və təsvirinin istifadəsi qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

9.3. Dövlət Gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.