BAKI, 17 dekabr — Sputnik. "Keçən həftə Strasburqda terror aktının baş verməsi bu ümumbəşəri bəla ilə mübarizədə yeni mexanizmlərin tapıb tətbiq edilməsinə, birgə səyləri gücləndirməyi daha vacib edir".
Sputnik Azərbaycan xəbər verir ki, ədliyyə nazirinin müavini Azər Cəfərov Bakıda keçirilən II Avrasiya Hüquq Qurultayında çıxışı zamanı belə açıqlama verib. Onun sözlərinə görə, bu, hüquq çərçivəsində olmalıdır.
"Terrorçuluqla mübarizədə ekstradisiya, hüquqi yardım sahəsində əməkdaşlığa diqqət artırılmalıdır. Azərbaycan universal və regional konvensiyalardan irəli gələn tələbləri vicdanla yerinə yetirməklə kifayətlənməyərək, ekstradisiya və hüquqi yardım haqqında xüsusi qanunlar da qəbul edib" - nazir müavini bildirib.
"Onlar xarici tərəfdaşlarla əməkdaşlıq müqaviləsi olmadan belə, həyata keçirməyə imkan verir, bütövlükdə terrorun qarşısının alınması üçün əlavə mexanizmdir. "FETÖ" terror təşkilatının üzvlərinin ifşa edilərək Türkiyəyə təhvil verilməsi bu sahədə əməkdaşlığın yaxşı təcrübələrindəndir" - A.Cəfərov vurğulayıb.