BAKI, 14 dekabr — Sputnik. "Ay bala, qışın ortasında da ağcaqanad olar? Özü də bu ərazidə?". Bu sözləri bu səhər, artıq uzun müddətdir ki, zəhləmizi tökən qanadlı həşəratlara qarşı dərman almaq istəyərkən "xoztovar"ın ağsaqqal satıcısından eşitdim. Gecə ardı-arası kəsilməyən vızıltılardan yata bilməmişdim və elə ona görə də ağsaqqala heç nə izah etmək həvəsində belə, deyildim.
Axı mən necə yuxulu halda uzun-uzadı deyəydim ki, ay ağsaqqal, Bakının Yasamal rayonunda, hələ rayonun adı Oktyabr olarkən doğulmuşam. O zaman böyük saydığımız Oktyabrın adından idi, ya başqa səbəbdən, burada yaşayan əhalinin kommunal problemləri, demək olar ki, olmurdu. Elə ki, Oktyabrı ləğv edib olduq Yasamal rayonunun sakinləri, problemlər başladı, elə məni bu gecə yatmağa qoymayan həşəratlar kimi artmağa.
1-ci Alatava adlanan ərazidə AzTV-də ölkəmizin uğurlarına baxa-baxa qazsızlıqdan, susuzluqdan, yolsuzluqdan az əziyyət çəkməmişik. Yəqin ki, Yasamalın problemlərini böyük meyxanaçı Nizami Rəmzidən gözəl ifadə etmək mümkün deyil. Elə bu amillər də mənim bir il bundan qabaq o məhəlləni tərk edib, elə həmin rayonun Zahid Xəlilov küçəsində məskunlaşmaq qərarımda az rol oynamadı.
Amma "sən saydığını say, gör fələk nə sayır". Yasamal rayonunun rəhbərliyi, əslində, bizim problemdən xəbərdardır. Elə "Azərsu"nun Yasamal şöbəsi də. Onlar ya başa düşmür, ya da başa düşmək istəmir ki, Zahid Xəlilov küçəsi, 59 nömrəli bina faktiki olaraq tez-tez suyun üzərində üzən "Titanik"ə çevrilir. Bir balaca yağış yağdımı, "Azərsu" əməkdaşlarının dediyinə görə, qrunt suları yığılır zirzəmiyə.
Binamızın "Titanik"ə çevrilməsində zirzəmidəki köhnəlmiş boruların da az rolu yoxdur. Təsəvvür edin ki, artıq o boruları istehsal edən zavodlar belə, çoxdan ömrünü sizə bağışlayıb. Və o da məlumdur ki, bu qədər su yeni tikilən "göydələnlərin" zirzəmisinə yığılsaydı, çoxdan başını yerə qoymuşdu. Sovet binasıdır ki, dözür...
İndi 2-3 aydan bir ağcaqanadlarla birgə keçirdiyimiz narahat gecədən sonra, səhər motor uğultusuna pəncərəyə qaçışırıq. "Azərsu" əməkdaşları yenə suyu çəkirlər zirzəmidən və buraxırlar həyətdəki kanalizasiya "lyuk"una. O boruları düzəltmək, məsələni birdəfəlik həll etmək isə, deyəsən, cavabdeh müəssisə rəhbərlərinin ağlına gəlmir.
Yəqin belə qlobal problemin həlli ilə bağlı Bakının ortasında "2049-cu il üçün regionların inkişaf proqramını" gözləməyi üstün tuturlar. Bir-iki gün iy-qoxu olsa da, sonra situasiya stabilləşir. Növbəti yağışa qədər...
Belə narahat gecədən sonra yuxulamamaq üçün əlində bir "Hell" gəlirsən işə və müdiriyyətin, "Bunu niyə içirsən" sualına ritorik cavab axtarırısan. Necə izah edəsən ki, "ay müdir, bu ağcaqanadların əlindən yata bilməmişəm, işdə yuxulasam, yazılarda hansısa səhvə yol verə bilərəm". Bax onda... Başa salmağa həvəs də yoxdur. Yuxuluyam axı...
P.S. Hər axşam böyük həvəslə AzTV-nin xəbərlərini gözləyirəm. İroniya üçün demirəm. Doğrudan gözləyirəm ki, görüm bu dəfə öz səlahiyyətlərini çoxdan unutmuş hansı səlahiyyət sahibi Prezident fərmanı ilə kreslosundan qoparılacaq. Və bu qoparılma Yasamal rayonunda yaşayanların hansı probleminin həllinə yardımçı olacaq. Tək mən yox, bütün Yasamal sakinləri gözləyir.