RUSİYA

Lavrov-Çavuşoğlu görüşü baş tutub

Təkbətək görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, həmçinin regional məsələləri müzakirə etdiyi bildirilir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlunun Bakıda ikitərəfli görüş baş tutub. Sputnik Azərbaycan-ın məlumatına görə görüş Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 39-cu iclası çərçivəsində keçirilib.

Təkbətək görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, həmçinin regional məsələləri müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb. İclasa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir. İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

Azərbaycan və Avropa İttifaqı marta qədər saziş imzalayacaq

Xatırladaq ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi "Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi" şüarı altında həyata keçirilib. Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 ölkə - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın üzvüdür. 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.