İDMAN

Formula 1-də “Brexit”ə görə ciddi narahatlıq var

Formula 1 komandaları “Brexit”lə bağlı vəziyyətdən narahatdırlar
Sputnik

BAKI, 13 dekabr - Sputnik. 2016-cı ildə Böyük Britaniyada keçirilən referendumda Birləşmiş Krallığın Avropa İttifaqının üzvlüyündə qalıb-qalmayacağına münasibət bildirildi. Ölkə sakinlərinin əksəriyyəti siyasi təşkilatdan çıxmağın lehinə səs verdi. Böyük Britaniya ilə Aİ-nin hüquqi cəhətdən ayrılması 2019-cu ilin martında gözlənilir.

AZƏRTAC xəbər verir ki, Formula 1 komandaları bu məsələ ilə bağlı baş verən danışıqları diqqətlə izləyir və vəziyyətin onlar üçün necə dəyişəcəyini müzakirə edirlər. Hazırda on Formula 1 komandasından yeddisi Böyük Britaniyadadır. “Brexit” sərhədlərin kəsişməsi məsələsinə ciddi təsir edə biləcək və müvafiq olaraq logistika ilə bağlı problem yaradacaq. İşçi qüvvəsinin yerdəyişmə sərbəstliyinin məhdudlaşdırılması daha ciddi problem ola bilər ki, bu da Dumanlı Albionda yerləşən komandalarda çalışan mütəxəssislərin getməsinə səbəb ola bilər.

“Biz vəziyyəti diqqətlə izləyirik, çünki “Mercedes”in Böyük Britaniyada görüləcək işləri çoxdur. Bizdə 1800 işçi var və onların da əksəriyyəti Aİ ölkələrinin vətəndaşlarıdır. Bundan başqa, biz Aİ ölkələrindən xeyli mallar idxal edirik və onların sərhəddə ilişib qalmaması bizim üçün çox vacibdir”, - deyə “Crash” saytı “Mercedes”in başçısı Toto Volfdan sitat gətirir.

“Ferrari”nin rəhbəri Mauritsio Arrivabene deyib: “Mən vəziyyətə “Ferrari”nin perspektivləri nöqteyi-nəzərindən baxıram. Əgər hər şey həmin istiqamətdə inkişaf etməkdə davam edərsə, hesab edirəm ki, qısa zaman kəsiyində Maranellonun qapısını çox işçilər döyəcək. Lakin bu yaxşı ssenari deyil və biz digərlərinin narahatlığını bölüşürük”.