CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Camaat ciddi-cəhdlə hazırlıq görüb - Qarşıda "imtahan" var

"Mürəbbəsindən tutmuş, kompotuna, turşularına qədər tədarük görmüşük"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Qış fəslinin başlamasına sayılı günlər qalıb. Mövsümlə əlaqədar bəzi meyvə və tərəvəz məhsullarının qiyməti bahalaşır. Bunu nəzərə alan insanlar yay və payız aylarında qış tədarükü görürlər. Ancaq son illər qışa tədarük görən insanların sayında, sanki azalma müşahidə olunur.

Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi barədə tapşırıq verdi

Maraqlıdır, bu il görəsən, Azərbaycan əhalisi qış fəslinə necə hazırlaşıb? Yoxsa, "mağazalarda onsuz da hər şey satılır" deyib, qış azuqəsi yığmağa ehtiyac görmürlər? Və ya qiymətlər qışda da onları qane edir deyə, özlərini əziyyətə salmaq istəmirlər?

Sputnik Azərbaycan bu suallara cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğumuzda iştirak edənlərin cavablarını olduğu kimi təqdim edirik:

Leyla Abdullayeva: "Mən bir çox tərəvəzləri yay aylarında alıb doğrayıram və paketlərə yığıb, qışa kimi buzxanada saxlayıram. Tərəvəzlər nə dadını itirir, nə də keyfiyyətini. Nə vaxt lazım oldu, çıxarıb işlədirəm. Banka bağlayanda açılıbsa, mütləq tez bir zamanda yeyilib qurtarılmalıdır. Amma belə olanda, ürəyin istəyən qədərini götürüb işlədə bilirsən".

Leyli Səfərova: "Hər il anam qışa hazırlıq görür. Hətta deyə bilərəm ki, ildən-ilə qış hazırlıqlarımız daha çox olur. Anam daha çox banka bağlayır".

Nərgiz Cavadzadə: "Mən özüm işləyirəm və körpəm var. Ona görə qışa hazırlıq görə bilmirəm. Bunları nəzərə alaraq, anam hər il mənə qışa hazırladıqlarından pay verir".

Murad Seyidov: "Marketlərdə hazır satılır. Lazım olduqca onlardan alacağıq. Qiymətləri də münasibdir".

Azərbaycanın hər sakini bu qədər ərzaq yeyir

Sona Cabbarova: "İşlədiyimiz üçün qışa hazırlıq görə bilmirik. Marketlərdə satılan bağlamalar isə çox bahadır. Sərf eləmir. Ona görə qışı makaron, düyü, qarabaşaq ilə yola veririk".

Rövşən Əsədov: "Əlçatanlıq və qiymət baxımından nisbətən münasib olsa da, həmin konservləşdirilmiş məhsulların insan orqanizminə mənfi təsir etməsi ilə bağlı zəmanət verilmir. Həmin məhsullardan kifayət qədər zəhərlənmələr olur. Dəfələrlə özüm də o məhsullardan zəhərlənmişəm. Amma reallıq odur ki, insanların həmin məhsulları özlərinin tədarük görməsi bazar qiymətindən daha sərfəli başa gəlir".

Gülşən Raufqızı: "Qış tədarükü görmüşük. Hətta artıq qış tədarüklərini yeməyə də başlamışıq. Mürəbbəsindən tutmuş, kompotuna, turşularına qədər tədarük görmüşük".

Həbibə Abdulla: "Qış tədarükünü yayda görürük. Bu il xeyli kompotlar, turşular bağlamışıq. Onu da qeyd edim ki, bu yay kənd təsərrüfatı məhsulları daha ucuz oldu və rahat qış tədarükü görə bildik. Marketlərdən hazır ancaq zeytun alırıq. Qalan hər bir məhsulu yaydan özümüz tədarük edirik".

Bəxtiyar Hacıyev: "Nə tədarük? Bizdə normal qaz vermirlər ki, adi yeməyimizi bişirək. O ki qalmışdı qışa tədarük edək".