Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 10 dekabr — Sputnik. Milli Məclisin vitse-spikeri Bahar Muradova bəzi hüquq müdafiəçilərinin Azərbaycanda 150-yə yaxın siyasi məhbusun olması iddialarına münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, vitse-spiker Azərbaycanda siyasi fəaliyyətinə görə heç kimin təqib olunmadığını qeyd edib.
"Bilirsiniz, hüquq müdafiəçiləri bununla bağlı ziddiyyətli rəqəmlər səsləndirirlər. Mən bu yaxınlarda başqa bir hüquq müdafiəçisi ilə söhbət etmişəm. Başqa bir hüquq müdafiəçisi digər bir rəqəm söyləyir. Mən özünü hüquq müdafiəçisi adlandıran ayrı-ayrı fərdlərin irəli sürdüyü rəqəmlərə izah vermək niyyətində deyiləm. Birmənalı olaraq deyə bilərəm ki, Azərbaycanda siyasi fəaliyyətinə görə təqib olunan şəxs yoxdur" - deyə Bahar Muradova vurğulayıb.
"Siyasi məhbus adlandırılan şəxslərin bu və ya digər partiyaya mənsubluğunu qabardaraq, siyasi məhbus adının onların üzərinə qoyulmasına çalışırlar. Onların Cinayət Məcəlləsi və yaxud da İnzibati Xətalar Məcəlləsinin bu və ya digər müddəasını pozması faktları var. Ona görə də birmənalı şəkildə Azərbaycanda insanların siyasi baxışlarına görə təqib olunmadığı qənaətindəyəm" - deyə vitse-spiker əlavə edib.