CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hesablama Palatası Xarici İşlər Nazirliyində nöqsanlar aşkarladı

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib
Sputnik

 

BAKI, 7 dekabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində həyata keçirilmiş auditin nəticələri açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Hesablama Palatasından məlumat verilib.

Məlumata görə, Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 01 yanvar 2016-cı il tarixindən 01 fevral 2018-ci il tarixinədək olan dövrdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edilib.

Audit ilə ümumilikdə 59252,7 min manat vəsait əhatə olunub, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin təqdim etdiyi illik maliyyə hesabatlarının təhlili aparılıb.

XİN Zaxarovaya cavab verdi

Auditlə əhatə olunan illərdə Nazirliyin iki əməkdaşına əməyin ödənişi aparılarkən vergi güzəşti düzgün tətbiq edilməmiş, məzuniyyətə çıxarkən bəzi əməkdaşların ümumi aylıq gəlirindən gəlir vergisi az tutulub, dövlət qulluqçularına ixtisas dərəcəsi və stajına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilib, iki halda ezamiyyə xərci düzgün tətbiq edilməyib, yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə uyğun müəyyən edilməyib.

Dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsi üzrə 2016-cı il ərzində bank xidmətləri xərcləri dövlət rüsumlarının tərkibindən tutulub, dövlət rüsumlarının tutulması haqqında hesabatlarda dövlət büdcəsinə hesablanmış dövlət rüsumlarının məbləği az göstərilib, iki səfirlik üzrə dövlət büdcəsinə köçürülməyən dövlət rüsumu üzrə borc məbləği qalıb, bəzi hallarda dövlət rüsumları dövlət büdcəsinə gecikmə ilə köçürülüb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları"na və "Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları"na uyğun ciddi hesabat blanklarının uçotu aparılmayıb.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları üzrə 01.01.2018-ci il tarixə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar hesabı üzrə qalıq məbləğlərin bağlanması üçün müvafiq tədbirlər tam görülməyib.

Rusiya XİN Saakyanın Moskva səfərinə reaksiya verdi

Nazirlik tərəfindən auditdən sonrakı dövrdə təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əksər debitor borcların bağlanılmasına nail olunub.

Hesablama Palatasının Kollegiyası Nazirlik tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul edib, müəyyən edilən digər nöqsanların aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada zəruri tədbirlərin görülməsi, həyata keçirilmiş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında ilin sonuna istifadə edilməyən qalıq vəsaitləri, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar üzrə məlumat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.