SƏHİYYƏ

Azərbaycanda qorxulu virusun insanlar arasında yayılma təhlükəsi artıb

Rekord göstərici: Respublika ərazisində vəhşi heyvanlar 1 ildə 20 mindən çox adamı dişləyib
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Azərbaycanda rekord sayda vəhşi heyvanların insanlara hücum etməsi faktı qeydə alınıb. Respublika Taun Əleyhinə Mübarizə Stansiyasının (RTƏMS) Epidemioloji tədqiqat şöbəsinin müdiri Kamran Əfəndiyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, cari ilin əvvəlindən indiyə qədər ölkədə insanların evsiz itlər və vəhşi heyvanlar tərəfindən dişlənməsi və yaralanması ilə bağlı 21191 fakt qeydə alınıb. Ekspert qeyd edib ki, bu, rekord göstəricidir.

Rayon sakinləri təşviş içərisindədirlər, nə edəcəklərini də bilmirlər

2018-ci ilin hesabat dövründə təkcə Bakıda heyvanların insanlara hücumu barədə 5,818 fakt qeydə alınıb. Ekspertin sözlərinə görə, zərərçəkənlərin sayının artması son illərdə heyvanların öldürülməsi hallarının azalması ilə bağlıdır.

"Hazırda Azərbaycanda insanlara hücum edən vəhşi heyvanların sayı, onların ümumi sayının cəmi 10%-ni təşkil edir. Bu statistika, əsasən evsiz itlərin hücumu ilə bağlıdır. Nadir hallarda yay aylarında meşə heyvanları istirahət zonalarında insanlara hücum edir" - deyə Əfəndiyev bildirib.

O, qeyd edib ki, heyvanın dişlədiyi insanı quduzluq virusuna yoluxmaqdan qorumaq üçün mütləq və vaxtında peyvənd eləmək lazımdır. Əfəndiyev belə hallarda insanlara dərhal həkimə müraciət etməyi məsləhət görüb.

Yeri gəlmişkən, bu gün Azərbaycanda zərdab çatışmazlığı problemi yoxdur. Bakıda və respublikanın bütün rayonlarında quduzluq əleyhinə peyvəndin edildiyi xüsusi kabinetlər mövcuddur. Eyni zamanda, paytaxtdakı Kliniki Tibbi Mərkəzdə də quduzluğa qarşı kabinet var və o, sutkada 24 saat fəaliyyət göstərir.

Heyvanların hücumuna məruz qalmış insanlar onlarda quduzluğun ilkin əlaməti olan su qorxusu kimi əlamətlər yaranmamış zəruri tibbi yardım üçün həkimə müraciət etməlidirlər. Çünki sözügedən fobiyalar başlayandan sonra, həkimlər o insanlara heç bir yardım göstərə bilmirlər. Adətən bu simptomlar insanlarda heyvan dişlədikdən sonrakı 10-12 gün ərzində yaranmağa başlayır. Bu dövrdə insanı dişləmiş yoluxmuş heyvan ölməlidir.

Azərbaycanda 240 mindən çox it quduzluğa qarşı peyvənd olunub

Qeyd edək ki, quduzluq virusu heyvan və insanlarda spesifik ensefalitə (beyin iltihabına) səbəb olur. Virusun giriş qapısı, dəri üzərindəki selikli qişalarda zədələnmələr, yaralar, sıyrıntılar sayılır. Çox yüksək neyrotropizmə malik virus mərkəzə qaçan sinir lifləri və perinevral boşluqlarla irəliləyərək mərkəzi sinir sisteminə çatmış olur. Virusun limfahemotogen yolla yayılması da ehtimal olunur.

Mərkəzi sinir sisteminə keçmiş quduzluq virusu uzunsov beyin neyronlarından, hippokampda, beyin əsasının düyünlərində və onurğa beynin sol hissəsində fiksasiya olunur. Bu isə, reflektorlu oyanmanın artmasına, sonradan isə ifliclərin inkişafına səbəb olur.

Quduzluq üçün xarakterik olan tənəffüs və udma əzələlərinin qıc olması, azan, dil-udlaq və dilaltı sinirlərinin zədələnməsi ilə əlaqədardır. Sinir sisteminin simpatik şöbəsinin qıcıqlanması ağız suyunun axmasına və tər ifrazının artmasına səbəb olur. Azan sinirin və simpatik sinir sisteminin müxtəlif düyünlərinin zədələnməsi ürək-damar sisteminin pozulmasına gətirib çıxarır.

Daha sonra mərkəzdən qaçan sinir lifləri ilə ağız suyu vəzilərinin sinir uclarına çataraq xəstənin ağız suyuna keçmiş olur. Mikroskopik müayinələr zamanı patoloji anatomik dəyişiklik beyində və onurğa beynində də tapılir.

İnkubasiya dövrü 12 gündən 90 günə qədər, nadir hallarda isə bir ilə qədər və daha çox davam edəir. Bu inkubasiya müddətinin dəyişkənliyi müxtəlif amillərdən, dişlənən şəxsin yaşından (uşaqlarda inkubasiya dövrü qısa olur), virusun reaktivliyindən, mərkəzi sinir sistemini zəiflədən şəraitin olmasından, dişlənmiş nahiyyənin mövqeyindən (baş-boyun nahiyyələrindən dişləmələrdə inkubasiya dövrü qısa olur), yaranın ölçü və dərinliyindən, orqanizmə düşən virusun miqdarından asılıdır. Xəstəliyin gedişini 3 dövrə bölürlər: xəbərdarlıq dövrü, oyanma dövrü və iflic dövrü.

"İt sığınacağı" boşdur: Bakıda küçə itlərini hansı tale gözləyir

2-3 gün davam edən xəbərdarlıq dövründə ümumi kefsizlik və başağrılarla yanaşı, dispeptik təzahürlər müşahidə edilir, temperatur subfebril olur. Dişlənmiş yara iltihablaşaraq, şişir, qızarır və sızıldayan ağrılar meydana çıxır. Psixikanın ilk pozğunluq əlamətləri: qorxu, dəhşət, həyəcan özünü biruzə verir. Xəstə qidadan imtina edir, yuxusu pozulur. Sonradan bu əlamətlərə udmanın çətinləşməsi, "döş sıxıntısı" kimi hallar da əlavə olunur.

Oyanma dövründə reflektor oyanmanın yüksəlməsi və xəstəlik tutmalarının inkişafı ilə xarakterizə olunur. Quduzluq üçün hidrofobiya - "sudan qorxma" tutmaları patoqnomonikdir. Xəstədə su içərkən, daha sonra suyu görərkən, onun şırıltısını da eşitdikdə, hədda adı belə, çəkildikdə tutmalar baş verir.

Paroksizmlərə havanın hərəkəti (aerofobiya), parlaq işıq (fotofobiya) və ya gurultu (akustikafobiya) səbəb ola bilər. Tutma həyacan, qorxu və narahatlıqla başlayır, sonradan ona hərəki oyanma qoşulur. Bu zaman bədən qəflətən diksinir, udlaq və qırtlaq əzələlərində ağrılı spazmalar baş verir, nəfəsalma çətinləşir.

Bu zaman xəstənin görünüşü çox xarakterik olur: o, qışqıraraq başını və bədənini geriyə əyir, titrəyən əllərini irəliyə atır, su olan qabı itələyir, xəstənin boynu dartılır, əziyyətli qıcolmalar üzün vəziyyətini dəyişir, o, göyərir və dəhşət ifadə edir. Göz bəbəkləri genəlir, nəzərlər bir nöqtəyə yönəlir. İnspirator təngnəfəslik əmələ gəlir, bu zaman xəstə fışıltılı nəfəs alır, yardım istəyir, bəzən qusma halları da müşahidə olunur. Tutmaların qızğın çağında tənəffüsün və ürək fəaliyyətinin dayanması belə, mümkündür.

Xəstələr aqressiv olurlar, özlərini və ətrafdakıları cırmaqlayır, dişləyirlar, tüpürürlər, ümidsiz qəzəblə vurnuxur, geyimlərini cırırlar. Xəstələrin bu cür rəftarlarına uyğun olaraq xəstəliyi "quduzluq" adlandırıblar.

Oyanma dövrünün qızğın çağında görmə və eşitmə hallüsinasiyaları da inkişaf edir. 1-2 gün sonra dəhşətli ağız suyu axmağa başlayır (sialoreya). Onlar ağız suyunu da uda bilmirlər. Orqanizmin susuzlaşması, maddələr mübadiləsinin pozulması nəticəsində bədən kütləsi hədsiz azalmış olur. Həyəcanlanma 2-3 gün, nadir hallarda 6 günə qədər davam edir. Əgər tutmalar nəticəsində ürək və tənəffüsün dayanmasından ölüm baş verməzsə, xəstəlik üçüncü dövrə keçir.

Gözlər bərəlir, boynu qatlanır, ətrafındakıları dişləyir - film deyil, reallıqdır

İflic dövrü psixi sakitləşmə ilə xarakterizə olunur. Qorxu, həyəcanlı-qüssəli əhval-ruhiyyə aradan qalxır. Hidrofobiya, psixi oyanma tutmaları kəsilir, içmək, qida qəbul etmək imkanı sağalma ümidini artırır. Lakin bununla yanaşı, süstlük, apatiya, salivasiya artır, ətrafların və kəllə sinirlərinin lokallaşmasına görə müxtəlif lokalizasiyalı ifliclər, bulbar pozğunluqlar, çanaq orqanlarının funksiya pozğunluqları meydana çıxır, bədən temperaturu 42 °C-dək yüksəlir.

Artan taxikardiya və hipotoniya xarakterikdir. Bu dövr 18-20 saat davam edir, beləliklə xəstə adətən ürək və tənəffüs mərkəzinin iflicindən ölür. Xəstəliyin ümumi davamı 3-7 gün, nadir hallarda 2 həftə və daha çox çəkir.

Quduzluğun spesifik müalicəsi var. Xəstənin iztirablarını azaltmağa yönəldilmiş simptomatik müalicə aparılır. Quduzluğa tutulmuş xəstənin sakitliyə və xarici mühit qıcıqlarından: səs-küydən, parlaq işıqdan, havanın kəskin dəyişməsindən qorunmağa müəyyən ehtiyacı olur. Onu sakit, bir qədər qaranlıqlaşdırılmış isti palatada yerləşdirirlər. Palatada fərdi post təyin edilir.

Mərkəzi sinir sisteminin ifrat qıcıqlanmasının qarşısını almaq üçün yuxugətirici, qıcolma əleyhinə və ağrıkəsən dərmanlardan istifadə olunur. Tez baş verən bədənin susuzlaşmasına qarşı intensiv infuzion terapiyadan istifadə edilir. Bura su-duz-elektrolit balansı təmin etməklə yanaşı, parenteral qidalanma məhlulları daxildir. İflic dövründə tənəffüs və ürək-damar sisteminə stimullaşdırıcı vasitələr təyin edilir. Xüsusilə tənəffüs pozğunluğu zamanı xəstə süni tənəffüs rejiminə keçirilir.

Quduzluğun profilaktikası infeksiya mənbəyi ilə mübarizədən və insanın xəstəliyinin qarşısını almaqdan ibarətdir. Heyvanlar arasında quduzluğun ləğv edilməsi daha radikal tədbir sayılır. Bu məqsədlə sanitariya-baytarlıq tədbirlər kompleksi - itlərin saxlanılma rejiminin gözlənilməsi, şübhəli küçə it və pişiklərinin məhv edilməsi, ev və xidməti itlərin profilaktik vaksinasiyadan keçirilməsi, heyvanlara quduzluğun vaxtında laboratoriya diaqnostikasının qoyulması və sanitariya-baytarlıq təbliğatının aparılması vacibdir.

İnsanlarda quduzluğun qarşısı antirabik vaksinlərin köməyi ilə alınır. Quduz olan və ya şübhəli heyvan dişlədikdə virusun infeksiyalaşdırıcı dozasını azaltmaq məqsədi ilə yara birincili işlənilməlidir (dişlənən yerin sabunlu su ilə yuyulması və dezinfeksiyaedici məhlullarla təmizlənməsi). Bu, inkubasiya dövrünü uzatmağa və vaksinasiyanın müvəffəqiyyətini artırmağa səbəb olur.

Yaranın çərtilməsi və ya ona tikiş qoyulması məsləhət görülmür. Çünki bu, əlavə olaraq sinir zədələnmələrinə və inkubasiya dövrünün qısalmasına səbəb ola bilər. Dişlənmiş şəxsə ilkin yardım göstərildikdən dərhal sonra quduzluğa qarşı vaksinasiya icra edilməlidir.

Xatırladaq ki, bu günlərdə Astara rayonunda canavar Şuvi, Səkəşam və Zəngüləş kəndlərinin sakinlərinə də hücum edib. Şuvi kəndinin 7, digər kəndlərin isə bir neçə sakinini canavarlar yaralayıb. Zərərçəkənlər arasında 3 məktəbli də var. Canavarın növbəti qurbanı, 1978-ci il təvəllüdlü Zəngüləş kənd sakini Tofiq Əsgərov ona hücum edən canavarı öldürməyə nail olub. Lənkəranda isə çaqqallar kənd camaatına hücum edərək xeyli insanı yaralayıb. Canavar və çaqqalların hücumuna məruz qalmış bütün zərərçəkənlərə quduzluğa qarşı zərdab vurulub.