Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 5 dekabr — Sputnik. Azərbaycanı iki dəfə "Avroviziya"da təmsil edən, "O səs Türkiyə" vokal şousunun qalibi olan Elnur Hüseynov bu günlərdə "Dreamer" (Xəyalpərəst) trekinə çəkdirdiyi yeni klipini təqdim edib. Bununla belə, o, yaxın günlərdə yenidən öz pərəstişkarlarını sevindirmək niyyətindədir. O, öz planları ilə bağlı ətraflı şəkildə Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
- Elnur, hazırda nə üzərində işləyirsiz?
- Hazırda yeni kompozisiyalar üzərində işləyirəm. Onların sayı çoxdur. Türkiyədə mənim bütün layihələrimlə məşğul olan Sony Music Entertainment şirkəti ilə müqavilə bağlamışam. Bu günlərdə mən ilk kompozisiyam olan "Dreamer"i təqdim etmişəm. Onun musiqisi mənə, sözləri isə Diana Hacıyevaya məxsusdur. Layihənin musiqi prodüseri əməkdar artist İsfar Sarabskidir. Hazırda ikinci kompozisiyam üzərində işləyirəm. Bu, məşhur mahnı üzərində olacaq, amma hələlik ad çəkməyəcəm. Onun üzərində də İsfar Sarabski işləyir.
- "Dreamer" kompozisiyanızın klipi daha çox sizin yarıçılpaq səhnələrinizlə diqqəti cəlb edib və bu, Azərbaycanda bir çox adam tərəfindən narazılıqla qarşılanıb. Bu tənqidlərə münasibətiniz necədir?
- Düzünü desəm, bu layihəm Türkiyədə böyük rezonans doğurub. Azərbaycanda az sayda adam sosial şəbəkələrdə videonu paylaşdı, hətta MTV istisna olmaqla, televiziya kanalları da göstərmədi. Ola bilsin, hansısa informasiya agentliyi bu barədə yazıb, amma mən görməmişəm. Tənqidlərə gəlincə, sadəcə, onlara əhəmiyyət vermirəm. Mən istədiyimi edir və oxuyuram. Müəyyən insanlar məni sevəcək, müəyyən insanlar isə sevməyəcək. Hər şeyi o adamlar üçün edirəm ki, mənim musiqim onların xoşuna gəlir. Mənim üçün əsas olan yaratmaqdır. Bu isə xoşuma gəlir. Mənə musiqimi başa düşən və etdiklərimi qəbul edən öz auditoriyam kifayətdir.
- Sizi Bakıda tapmaq çox çətindir. Hazırda harada yaşayırsız?
- Artıq beş aydır İzmirə köçmüşəm. Ora xoşuma gəlir. Bakıya yalnız valideynlərimi, dostlarımı görmək üçün gəlirəm, sonra isə Türkiyəyə geri qayıdıram.
- Bəs Türkiyədə karyeranızın vəziyyəti necədir?
- Çox yaxşı. Türkiyə xoşuma gəlir, çünki orada şou-biznes inkişaf edir, böyük auditoriya var. Misal üçün, orada yeni nəsə etmək istəyəndə, deyirlər ki, "Buyur, sına, səndə alınacaq, bu əla olacaq!" Orada müxtəlif tədbirlərdə iştirak edirəm, konsertlər verirəm. Azərbaycan və Türkiyədən başqa digər ölkələrdə də çıxışlarım olur. Mən ümumiyyətlə sosial adam deyiləm, selfilərimlə və digər üsullarla tez-tez öz piarımı aparmıram, konsertlərim və uğurlarım haqqında heç də həmişə xəbər tutmurlar.
- Azərbaycan şou-biznesində baş verənləri izləyirsiz?
- Yerli şou-biznesdə irəliləyişlərin olması məni sevindirir. Çox sayda yeni müğənnilər meydana çıxıb. Nə deyə bilərəm?! Hamısına uğurlar arzulayıram.
- Elnur, siz uzun müddət evsiz heyvanlara sığınacaq açmaq üçün pul toplayırdız. Bu məsələ nə yerdə qaldı?
- "O səs Türkiyə"də qalib gələndən sonra mənə mükafat olaraq böyük məbləğdə pul verdilər. O pulların hamısını sığınacağın tikintisinə xərclədim. Maliyyə çatışmazlığı ucbatından onu tam başa çatdıra bilmədim. Bir müddətdən sonra sığınacağı bağlamaq məcburiyyətində qaldım. Çünki uğur arzulamaqdan və sosial şəbəkələrdə bəyənməkdən başqa heç kəs kömək etmədi. Üç ay ərzində cəmi 15 min manat toplaya bildim. Bu pulla heç bir iti yedizdirmək olmaz. Çox şadam ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IDEA nəzdində evsiz heyvanların mühafizəsi üçün sığınacaq açıb. Buna görə ona minnətdaram. Bu sığınacağa uğurlar arzulayıram. Həmişə arzulamışam ki, bu cür yerlərin sayı çox olsun.
- Gələcəkdə iştirak etmək istədiyiniz hansısa beynəlxalq musiqi və ya vokal şouları varmı?
- Əgər belə təklif olsa, əlbəttə ki, bu barədə məlumat verəcəm. Hələlik sakitlikdir.