CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hicran Hüseynova: “750 milyondan artıq qız erkən nikaha sövq edilir”

2017-ci ildə 15-17 yaşlı qızlar tərəfindən 2 min 421 uşaq dünyaya gətirilib
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Bakıda "Qadınlara və Qızlara qarşı zorakılığa son" 16 günlük Fəallıq Kampaniyasına həsr olunmuş konfrans başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, açılışda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, ombudsman Elmira Süleymanova və millət vəkili Aqiyə Naxçıvanlı çıxış edib.

Milli Məclisdə beynəlxalq konfrans keçirilir

Komitə sədri Hicran Hüseynova görülən tədbirlərdən danışıb: "Bu gün dünyada qadınların 71 faizi insan alverinin qurbanıdır. 750 milyondan artıq qız erkən nikaha sövq edilir. Dünyada hər üç qadından biri zorakılığa məruz qalır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də qadın zorakılığına qarşı mübarizə davam etdirilir. Bu gün hər bir qadın zorakılığı insan hüquqlarının pozulmasıdır".

E.Süleymanova isə qadın fəallığının artmasından və qızların erkən nikahından söz açıb: "Bu gün qadınların müdafiəsinin gücləndirilməsi üçün tərəfimizdən müxtəlif addımlar atırıq. Qadınların müdafiəsi üçün BMT nümayəndələri ilə birgə bölgələrdə işimizi davam etdiririk. Qarşılaşdığımız problemlərlə əlaqədar olaraq Milli Məclisdə müxtəlif qanunlara dəyişiklik təklif etmişik. Gördüyümüz işlərin nəticəsidir ki, bu gün bəzi sahələrdə qadınların aktivliyi artıb. Bələdiyyələrdə qadınların aktivliyi 4 faizdən 35 faizədək qalxıb".

"2017-ci ildə 15-17 yaşlı qızlar tərəfindən 2 min 421 uşaq dünyaya gətirilib. Qızların erkən ailə həyatı qurması isə qüsurlu övladların dünyaya gəlməsidir" – deyə Elmira Süleymanova vurğulayıb.

Millət vəkili Aqiyə Naxçıvanlı isə bu problemlərin zamanında aşkarlanmasının vacibliyindən söz açıb: "Qadınların hüququnun zamanında aşkarlanması üçün qaynar xəttin yaradılmasına ehtiyac var. Biz büdcə müzakirələrində də qaynar xəttin yaradılmasını təklif etmişik".