Azərbaycan paytaxtında önəmli protokol imzalandı

Ordu rəhbərlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli formatda görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüşün yekunlarına dair protokol imzalanıb. 

Bakıda ordu rəhbərlərinin mühüm toplantısı keçirilir

Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib ki, bu görüş üç qardaş ölkə prezidentinin tapşırığı ilə keçirilib: "Görüşdə regionda hərbi-siyasi vəziyyət müzakirə olunub. Görüşün məqsədi üç qardaş dövlətin regiondakı strateji layihlərinə, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verilməsidir".

"Görüşdə işçi qrupun bir neçə illər ərzində gördüyü işlər müzakirə olunub. Bundan əlavə, 2019-cu il üzrə görüləcək işlər təsdiqlənib. Üçtərəfli görüşdə dövlətlərin ərazi bütövlüyü və suverenliyi bir daha təsdiqlənib. Görüş zamanı hərbi, hərbi-təhsil, hərbi-tibb sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair qərar qəbul olunub" - deyə Z.Həsənov vurğulayıb.

Azərbaycan müdafiə naziri, həmçinin bildirib ki, növbəti üçtərəfli görüş Türkiyədə keçiriləcək.

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia bildirib ki, üçtərəfli əməkdaşlıq olduqca əhəmiyyətlidir və regionun təhlükəsizliyinə cavab verir: "Biz təhsil, idman sahələrində də əməkdaşlıq etmək istəyirik. Regionda təhdidlərin artması müşahidə olunur. Biz səylərimizi birləşdirərək belə təhdidlərin öhdəsindən gələ bilərik".

"Mən ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə və böhran vəziyyətlərində bizə göstərdiyi yardıma görə Azərbaycan və Türkiyə tərəfinə təşəkkür edirəm" - Çaçibai əlavə edib.

Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin sözlərinə görə, görüş zamanı regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb: "Həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə hər üç ölkənin mövqeyinin, demək olar ki, yaxın olduğunu gördük. Hər üç ölkənin Silahlı Qüvvələrinin rəhbərləri bir daha ölkələrin suverenliyi və ərazi bütövlüklərinə sadiqliklərini təsdiqlədilər. Növbəti il bu istiqamətdə müzakirələrimiz Türkiyədə keçiriləcək".