BAKI, 15 noyabr-Sputnik. "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunun 10-cu maddəsinə edilən dəyişikliyə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz. Belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki başqa ölkələrdə bu rəqəm daha böyükdür”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin plenar iclasında deyib.
“Biz gərək “Korrupsiya haqqında” qanunda bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq” - deyə millət vəkili bildirib.
O, bildirib ki, maraqların toqquşmasının qarşısının alınması məsələsi çox vacibdir: “Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada elə ola bilər ki, deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputat cinayətdə ittiham edilirsə, o, iclas zalında həbs olunur. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etməsə, onu çox ağır cəza gözləyir”.