BAKI, 12 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi qeyd edilən Fransadan ölkəsinə dönüb.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, səfər zamanı dünya ölkələrinin liderləri ilə görüşləri barədə sosial şəbəkə vasitəsilə məlumat yayan Tramp onları hədələməkdən də çəkinməyib: "Dünya liderlərinin qatıldığı və toplantılarımda bir çox nailiyyət əldə etdiyim Fransadan yeni qayıtmışam. ABŞ-a münasibətdə həm hərbi, həm də ticarət baxımından ədalətli davranılmadığı həqiqətini ortaya çıxarmaq asan olmadı. Digər ölkələrin hərbi müdafiəsi üçün çox böyük ödənişlər edirik, yüz milyardlarla dollar pul ödəyirik. Bu vəziyyətin belə davam etməyəcəyini dedim".
Onun sözlərinə görə, bu vəziyyət hər zaman cəfəng bir şəkildə ABŞ-ın əleyhinə olub: "Digər ölkələrin qorunması üçün xeyli miqdarda pul xərclənib və əvəzində heç bir şey almamışıq, kommersiyada itkilər yaşamışıq. Bir çox zəngin ölkələrin ABŞ-a hərbi müdafiə üçün pul ödəməsinin, ya da özlərini qorumasının zamanı gəldi. Ticarət sərbəst və ədalətli həyata keçirilməlidir".