Demokratlar Trampı "məhşər ayağına" çəkməyə hazırlaşırlar

Prezidentin CNN və "Washington Post" kimi media orqanlarına qarşı çıxışlarının qanun pozuntusu olub-olmadığı araşdırılacaq
Sputnik

BAKI, 12 noyabr — Sputnik. ABŞ-da Demokratlar Partiyası prezident Donald Trampın mediaya qarşı işlətdiyi ifadələrin qanun pozuntusu olub-olmadığını araşdırmağa hazırlaşır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yeni dövrdə Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin rəhbəri olacağı gözlənilən demokrat Adam Schiff məsələ ilə bağlı açıqlama verib.

Tramp Baş prokuroru istefaya göndərib

Schiff Trampın CNN və "Washington Post" kimi media orqanlarına qarşı çıxışlarının qanun pozuntusu və media üzərində təzyiq olub-olmadığını müzakirəyə çıxaracaqlarını bildirib. O, Trampın məqsədinin CNN-ni cəzalandırmaq olduğunu irəli sürüb.

Qeyd edək ki, "CNN" və digər media qurumlarını zaman-zaman xalqın düşməni kimi qiymətləndirən Tramp bu təşkilatların onun haqqında daim yalan xəbərlər yazdığını bildirir. Ağ Ev, keçən həftə baş verən bir mübahisənin ardından CNN-nin müxbiri Cim Acostanın akkreditasiyasını ləğv edib.

Nümayəndələr Palatasında yerlərin əksəriyyətini ələ keçirən demokratların digər məsələlərdə də Trampa qarşı araşdırmaya hazırlaşdıqları deyilir.