YAZARLAR

Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır

Demokratların son səkkiz ildə ilk dəfə Konqresin aşağı palatasında hakimiyyəti ələ alması onlara Trampa problem yarada bilmək şansı verir
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Bu həftə ABŞ-da qanunverici orqanlara keçirilən seçkilər Tramp üçün böyük önəm kəsb edirdi. Belə ki, milyonlarla seçici ilk dəfə olaraq Trampın 2 illik prezidentlik dönəminə münasibət bildirmək şansı qazandı.

6 noyabr seçkilərinin nəticəsi olaraq demokratlar Nümayəndələr Palatasında, respublikaçılar isə Senatda çoxluğu əllərində saxladılar. Siyasi təhlilçilər belə hesab edir ki, bu hadisə uzun illər müharibə vəziyyətində olan demokratları və respublikaçıları birgə işləməyə vadar edəcək. Eyni zamanda, yaxın 2 il ərzində Tramp üçün öz planlarını həyata keçirməkdə müəyyən əngəllər yaradacaq. Çünki Nümayəndələr Palatasını nəzarətə götürən demokratlar qarşıdakı 2 ildə "Rusiya işi" və s. məsələlərlə bağlı ona ciddi problemlər yarada bilər.

Konqres ABŞ prezidenti seçkilərinin nəticələrini təsdiqlədi

Ümumilikdə, baş verənlər ABŞ cəmiyyətindəki fikir ayrılıqlarını ortaya qoyur. Demokratların son səkkiz ildə ilk dəfə Konqresin aşağı palatasında hakimiyyəti ələ alması onlara Trampa problem yarada bilmək şansı verir. Lakin Trampın təmsilçisi olduğu respublikaçılar Senatda öz mövqelərini gücləndiriblər. İlkin nəticələrə görə, demokratlar 151, respublikaçılar isə 153 yer alıb.

Ümumiyyətlə, ABŞ tarixində belə qəbul olunub ki, prezident hansı partiyanı təmsil edirsə, Konqresdə say üstünlüyü rəqib partiyaya məxsus olur. Doğrudur, müəyyən istisnalar olsa da, sistem əsasən, bu prinsiplə müəyyənləşib. Yəni, prezident Respublikaçılar Partiyasına mənsubdursa, Nümayəndələr Palatasında demokratlar üstünlük təşkil edirlər. Yaxud da əksinə olur. Əslində, Trampın əsas məqsədi hər iki palatada nəzarəti ələ keçirmək idi. Lakin seçkilərin nəticələri onun bu niyyətinin gerçəkləşmədiyini göstərir.

Prezident postunun bir, Nümayəndələr Palatasında üstünlüyün isə digər partiyaya məxsus olmasının zəruriliyi əlbəttə ki, səbəbsiz deyil. Çünki ABŞ siyasətində bütün proseslər balansın yaradılması üzərindən inkişaf edir. Bu da prezidentin bütün hakimiyyəti öz əlində cəmləməsinin qarşısını almaq məqsədi daşıyır. Aydın məsələdir ki, prezidentin Konqresdə üstünlüyə malik olması ona istədiyi qanunu asanlıqla qəbul etdirməyə imkan yaradardı. Ancaq Amerika siyasi sistemi elə qurulub ki, bir nəfər istədiyini edə bilməz. Eyni zamanda, Senatda üstünlüyün qazanılmasına baxmayaraq, respublikaçı senatorların heç də hamısı prezident Donald Trampın siyasətini dəstəkləmir. Digər tərəfdən, Trampın özü də klassik respublikaçı kimi qəbul edilmir. Tramp sadəcə olaraq bir biznes adamıdır. Bu, özünü seçkiqabağı kampaniyanın gedişində də qabarıq büruzə verirdi. Bu isə onun siyasi dairələrdə hələ də ciddi qəbul edilmədiyini deməyə əsas verir.

Məsələn, Trampın seçkiqabağı kampaniya zamanı çıxışlarında miqrantlarla bağlı siyasətin sərtləşdiriləcəyini bəyan etməsi hətta respublikaçıların daxilində kəskin narazılıq doğurmuşdu. Çünki belə çıxışlar Amerikadakı ispandilli vətəndaşların ciddi narazılığına səbəb oldu. Elə bu səbəbdən də respublikaçıların da bir hissəsi Trampın əleyhinə çıxışlar etməyə başlayıblar. Bununla belə, ABŞ Konqresinə son seçkilər Birləşmiş Ştatların xarici siyasətində müəyyən korrektələrə səbəb ola bilər.

Araşdırmaçıların fikrincə, seçkilərin nəticələrinin ABŞ-ın xarici siyasətinə təsir göstərməsi mümkündür. Çünki xarici siyasətlə əlaqədar bütün konseptual müzakirələr Konqresdə aparılır. Müxtəlif ölkələrə yönəlik siyasətin müəyyənləşməsi, sanksiyaların tətbiqi və bir çox mühüm məsələlər Konqres komitələrinin müzakirəsindən keçir. Bu baxımdan, aralıq seçkilərinin nəticələri ABŞ-ın xarici siyasətində müəyyən korrektələrə səbəb ola bilər. Tramp digər prezidentlərdən fərqli olaraq, istədiyi xarici siyasəti yürüdə bilsə də, bəzən Konqreslə hesablaşmaq məcburiyyətində qalır. Məsələn, Trampın Rusiyaya qarşı mövcud siyasi xətti yürüdə bilməməsinin əsas səbəbi məhz Konqresin iradəsidir. Onu da nəzərə alaq ki, ABŞ birbaşa yox, təmsilçili demokratiyadır. Bu, o deməkdir ki, hakimiyyət seçicilərin təmsilçi kimi müəyyən etdikləri siyasi fiqurlar tərəfindən idarə olunur. Nümayəndələr Palatasının üzvü xalqın təmsilçisidir — 2 illik. Senata seçilmiş şəxs də xalqın təmsilçisidir — 6 illik. İcra hakimiyyətinin rəhbəri olan prezident də xalqın təmsilçisidir — 4 illik. Hər iki ildən bir noyabrın ilk çərşənbə axşamı seçki məntəqələrinə axışan amerikalılar təkcə federal yox, həm də ştat və bələdiyyə səviyyəsində öz təmsilçilərini seçirlər. Bu təmsilçilərin borcu onların təmsil etdikləri toplumun — bələdiyyə, ştat və federal səviyyədə maraqlarını qorumaq, onların rifahına xidmət etməkdir. İctimai maraqlara toxunan layihələr üzərində referendumlar da həmin günə təyin olunur ki, bunların mütləq əksəriyyəti lokal xarakter daşıyır. Lakin bu seçkilər ABŞ-ın dövlət maraqlarını dəyişməz edir və odur ki, kimin qələbə qazanmasından asılı olmayaraq, Vaşinqtonun siyasəti dəyişməz qalacaq və yaxın illər ərzində daha çox İran və Yaxın Şərq hədəfdə olacaq…