Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 9 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında onkoloji xəstəlikdən dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilib. Sputnik Azərbaycan-a danışan aktrisanın sənət yoldaşı, Əməkdar artist Elxan Qasımov xoş xatirələrini, təəssüratlarını bölüşüb:
"Bu gün Azərbaycan teatr sənətinin dahilərindən birini yola salırıq. Amaliya xanımla 56 il dost olmuşam. Birinci kursdan bir səhnəni bölüşürdük. Hər ikimiz Ədil İsgəndərovun kursunda baş rolları ifa edirdik. Yaratdığımız obrazlarda Amaliya xanımla bir-birimizi sevmişik".
"Onu itirmək Azərbaycan xalqı üçün çətin olacaq. Çünki həm rejissor, həm aktyor, həm də teatr təşkilatçısı kimi adını tarixə salmaq çox adama qismət olmur. Amaliya xanım isə teatr yaradaraq özündən sonra böyük miras qoydu. Biz onu həmişə sevmişik, sevəcəyik", — deyə E.Qasımov əlavə edib.
Xəstəliyə ilə bağlı verdiyimiz suala cavab olaraq isə E.Qasımov bunları deyib:
"Yalan danışmağı bacarıram. Bu dəfə də yalan danışacağam. Xeyr, xəstəliyindən xəbərim yox idi. Belə deməyimin səbəbi odur ki, bu haqda ətraflı soruşmağınızı istəmirəm. Çünki hər cür xəstə insan var. Kimisi ağıldan, ürəkdən, kimisi beyindən, kimisi də xislətdən xəstədir. Amaliya xanım isə heç zaman xəstə olmayıb. Sadəcə Allah-təala onu öz yanına çəkmək istədi".