BAKI, 8 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdarahmanov bu münasibətlə Qırğızıstan nümayəndələrini təbrik edib, onlara bu vəzifədə uğurlar arzulayıb.
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir.
Şuranın iclasında Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iştirak edir.
Liderlər həm qapalı, həm də geniş tərkibli formatda görüşlər keçirəcəklər. Görüşlər zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Sessiya zamanı 20-yə yaxın beynəlxalq sənədin imzalanması gözlənilir.
Bugünkü sammitdə, həmçinin KTMT-nin yeni baş katibi də seçilə bilər. Diplomatik mənbələr Ermənistan nümayəndəsi Yuri Xaçaturovun istefaya göndərilməsindən sonra boşalan bu posta Belarus nümayəndəsi, ölkənin Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın seçiləcəyini bildiriblər. Lakin Ermənistan tərəfi Xaçaturovun yerinə Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan dəfələrlə bildirib ki, Ermənistan KTMT baş katibi vəzifəsinə sabiq müdafiə naziri, general Mikael Arutyunyanın namizədliyini irəli sürəcək.
Xatırladaq ki, həm general Stanislav Zas, həm də Arutyunyan vaxtilə Bakıda hərbi təhsil alıblar.
Onu da əlavə edək ki, KTMT-nin sabiq rəhbəri Yuri Xaçatorov Ermənistana qayıdıb. Bu barədə Ermənistanın "Jovohurd" nəşri məlumat yayıb. Məlumata əsasən, Xaçaturov ötən gün gecə saatlarında Yerevana qayıdıb. Onun həbs olunacağı gözlənilir.
Noyabrın 2-də Yuri Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən azad edilib. Belə ki, Ermənistan KTMT ölkələrini təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağa dəvət edib.
KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.