CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: “Azərbaycan xanımına əl qaldıran mütləq cəzalandırılmalıdır”

“Erkən nikahların qarşısını almaq, qızların təhsilini təmin etmək lazımdır”
Sputnik

BAKI, 7 noyabr — Sputnik. "Avropa ölkələrində əhalinin 60-70 faizinin yaşı 50-dən artıqdır. Azərbaycan əhalisinin isə böyük əksəriyyəti gənclərdir. Məhz bu, Azərbaycana imkan verir ki, biz dövlət başçısının ifadə etdiyi strategiyanı əsas götürərək, "qara qızılı" "insan qızılı"na çevirək. Belə etsək, Azərbaycan dövləti çox güclənər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə parlamentdə keçirilən "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bu səbəbdən də büdcədə Gənclər Fonduna ayrılan vəsaitin artımını müsbət qiymətləndirib. Deputat deyib ki, gəncliyin kreativ, ağıllı, güclü və sağlam olması üçün dövlət tərəfindən müvafiq işlə görülür. Lakin bu istiqamətdə ayrılan vəsaitlərin səmərəli olması üçün ölkədə təhsil və səhiyyə sisteminin təxirəsalınmaz islahatları həyata keçirilməlidir.

Deputat dərslik yazanların məsuliyyətə cəlb olunmasını tələb etdi

"İcbarı tibbi sığorta ilə bağlı pilot layihələr göstərir ki, biz sovet səhiyyə sisteminin imitasiyasından real müasir səhiyyə sisteminin formalaşmasına keçməliyik. Əks halda biz gəncliyimizi sağlam yetişdirə bilməyəcəyik, dövlət tərəfindən ayrılan vəsaitlər nə təhsil, nə də səhiyyə sahəsində öz səmərəsini verəcək" – deyə Mollazadə bildirib.

Millət vəkili büdcədə müdafiə xərclərinin artırılmasını müsbət qiymətləndirib. Qeyd edib ki, Azərbaycan müharibə şəraitində olduğu üçün bütün güc ölkənin ərazi bütövlüyünün bərpasına səfərbər edilməlidir. Eyni zamanda Azərbaycan xaricdən gələn təhlükələrə də hazır olmalıdır.

"Təəssüf ki, döyüş təkcə müharibə meydanında getmir. Azərbaycana qarşı olan cəbhə bölgəsi demək olar ki, bütün dünyanı əhatə edir. Ölkəmizə qarşı informasiya müharibəsi, xalqımıza qarşı böhtan kampaniyası aparılır. Silahlı qüvvələrin bu istiqamətdə səfərbərliyi diplomatik sistemin bu çağırışlara və təhlükələrə hazırlığı ilə müşayiət olunmalıdır. Lakin ölkəmizin diplomatik korpusunun maliyyə imkanları məhdudlaşıb. Dünyanın bir sıra önəmli bölgələrində bizim səfirliklərimiz bağlanıb. Mövcud diplomatik nümayəndəliklərimizdə isə bu səfərbərlik ruhu görünmür" – deyən Mollazadə bu istiqamətdə müvafiq addımların atılmasının vacibliyini bildirib.

Millət vəkili şəhid ailələrinə və müharibə əlillərinə diqqətin artırılması zərurətinə də toxunub: "Döyüşə gedən hər bir əsgər bilməlidir ki, o, yaralansa, şəhid olsa, dövlət onun, ailəsinin arxasında duracaq. Dövlət başçısı hər zaman şəhid ailələrinə, müharibə əlillərinə öz qayğı və diqqətini göstərib, bu istiqamətdə çox işlər görülüb. Lakin son vaxtlar bəzi şəhid ailələri ilə bağlı yaranmış problemlər tezliklə öz həllini tapmalıdır. Biz bütün dünyaya nümayiş etdirməliyik ki, Azərbaycan dövləti öz əsgərinin və onun ailəsinin arxasında durur".

Asim Mollazadə qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə də toxunub. "Azərbaycan dünyaya göstərdi ki, 1 milyon qaçqına öz dəstəyini verə bilib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox iş görülüb. Lakin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işləri çox çətindir. Çünki köçkünlər bütün ölkəyə səpələnib və onların problemlərini Komitənin balaca aparatı ilə həll etmək olmaz. Bu Komitənin işlərini gücləndirmək üçün müvafiq vəsaitləri tapmaq lazımdır"- deputat deyib.

Mollazadə həmçinin qeyd edib ki, gənclərin inkişafı üçün təkcə dövlətdən dəstək gözləməməliyik. Bu işə iş adamları, sponsorlar cəlb edilməlidir. Bunun üçün vergi sistemində müvafiq dəyişikliklər olmalıdır: "Elm, təhsil və mədəniyyət sahəsinə töhfə verən hər bir iş adamına vergidə güzəşt edilməlidir. Bu yükü dövlətin üzərindən götürməli, iqtisadi sahədəki iş adamlarını bu istiqamətdə təşviq etmək üçün islahatları həyata keçirməliyik".

Asim Mollazadə çıxışında Azərbaycanda qadın hüquqlarına, məişət zorakılığı sahəsindəki problemlərə də toxunub: "Azərbaycan xanımları tarixən islam və türk dünyası xanımlarının lideri olub. Azərbaycan xanımına əl qaldıran mütləq cəzalandırılmalıdır. Biz ölkədə elə bir mühit yaratmalıyıq ki, qadınlara qarşı zorakılığın qarşısı alınsın. Qadınların təhsilinə diqqət yetirilməlidir. Erkən nikahların qarşısını almaq, qızların təhsilini təmin etmək üçün biz həm dövlət, həm də QHT-lərin fəaliyyətini gücləndirməliyik. Bu istiqamətdə Ombudsman Aparatı da fəaliyyətini gücləndirməlidir. Biz Azərbaycan xanımlarının islam dünyasında liderliyini qoruyub saxlaması üçün zəruri olan hər şeyi etməliyik".