İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Dünən səhər saatlarında Mehdiabad qəsəbəsi "Garant" şəhəriciyində güclü küləyin təsirindən binaların birinin dam örtüyü bütünlükdə qırılaraq, digər binaya çırpılıb. Sakinlər Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşına bildiriblər ki, hadisə bir anın içində baş verib.
"Səhər güclü külək var idi. Bəlkə elə buna görə də çox adam evdən çıxmamışdı. Birdən güclü səs eşitdik. Baxdıq ki, qarşı binanın damı qoparaq, digər binaya çırpılıb. Binanın dam örtüyü, eyvanları və mənzillərin pəncərələri sıradan çıxıb" – deyə sakinlər bildiriblər.
Qeyd edək ki, hadisə nəticəsində Məmmədov Mayis Əbdül oğluna məxsus 90GK839 dövlət nömrə nişanlı “Prado” markalı avtomobil də ciddi zədələnib. Belə ki, binanın damından qopan dəmir parça onun avtomobilinin üzərinə düşüb.
Sakinlər baş verənlərdə tikinti şirkətini ittiham edirlər. Onlar bildirirlər ki, evlərin tikintisinin keyfiyyətsiz olmasını kənardan baxan da müşahidə edə bilər.
Xatırladaq ki, bu şəhərcik qaçqınlar üçün nəzərdə tutulub.
Tikinti eksperti Elnur Fərzəliyev ötən gün Mehdiabad qəsəbəsində baş vermiş hadisəni təbi fəlakət deyil, tikinti işlərini aparan insanların yaratdığı süni fəlakət adlandırıb: "Bu binalar yeni tikilib. İstifadə olunan bütün materiallar yenidir. Adətən güclü külək iki halda dam örtüklərini uçura bilər. Əgər binanın dam örtüyü həddindən artıq köhnəlmiş və yararsızdırsa, dam örtüyü dağıla, uça bilər. İkinci halda isə bu, görülən işlərin keyfiyyətsiz olması ilə bağlı ola bilər. Qısacası: bərkidilmə işləri damın diametrinin ölcülərinə uyğun aparılmayıb. Dam örtükləri keyfiyyətsiz səviyyədə vurulub".
Ekspert qeyd edir ki, adətən belə hallar çoxmərtəbəli binalarda baş verir. Lakin şəhərcikdəki binalar çoxmərtəbəli deyil və kompakt şəkildə tikilib: "Bundan əlavə, binaların biri-birinə çox yaxın olması da gələcəkdə baş verə biləcək hansısa təbii fəlakətin vuracağı maddi zərərlərin çox olacağını göstərir. Bu halın yenidən təkrarlanmaması üçün kompleksdəki digər binaların da dam örtüklərinə yenidən baxış keçirilməsi vacibdir".
Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirildi ki, dünən əsən güclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı "Qarant” şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü qopardıb. Binalardan birinin dam örtüyü tamamilə, digərlərininki isə qismən dağılıb.
Komitə sədrinin göstərişi ilə Tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, Mənzil İstismar Departamentinin, Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gediblər.
Hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaları dam örtüklərinin qopmuş konstruksiyalarını şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur. Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması, binaların dam örtüyünün bərpası işləri tam başa çatanadək Dövlət Komitəsinin nəzarətində saxlanılacaq.