MƏDƏNİYYƏT

Ah-nalə, giley-güzar və şikayətin biri bir qəpiyə düşüb

Yaxud rejissorların davası: onlar nə istəyirlər?
Sputnik

BAKI, 25 oktyabr — Sputnik. Uzun müddətdir ki, Azərbaycanın kino və teatr rejissorları yerli ssenarilərin və dram əsərlərinin yoxluğundan şikayətlənirlər. Onlar teatr iclaslarında, mətbuata müsahibələrində, sosial şəbəkələrdəki statuslarında da ssenarist və dramaturq yoxluğunu giley-güzarla vurğulayır, hələ buna dərin bir ah çəkərək elə köks ötürürlər ki, görən də onların məsumiyyətinə inanır.

Xalqın sənətkara pul, ev, maşın borcu yoxdur

Maraqlıdır ki, bəs ssenarist və dramaturq yoxluğunun səbəbkarı kimlərdir? Bu rejissorlar fərqində deyillərmi, bu gün yerli kino və serial ssenaristlərinin məhdudluğu və zəifliyi, müasir dram əsərlərinin dəryada damcı qədər olması birbaşa bu rejissorların öz günahıdır? Əgər bunu bilmirlərsə, ya kifayət qədər yaxşı rejissor deyillər, ya da məşğul olduqları sənətin tarixi ilə, nəzəriyyəsi ilə maraqlanmayıblar.

Çoxunun bildiyi bir həqiqəti bu rejissorlara xatırlatmaq istəyirəm. Ötən əsrin 30-cu illərində Səməd Vurğun ilk dəfə dram əsəri yazmağı qərara alır. İlk dramaturgiya təcrübəsini məşhur "Vaqif" pyesini yazmaqla həyata keçirir. Pyesi bitirdikdən sonra indiki Akademik Milli Dram Teatrına təqdim edir. Teatrın bədii şurası əsəri oxuyur və geri qaytarır. Səbəb olaraq göstərilir ki, əsər dramaturji normalara ziddir, teatr səhnəsi üçün yararlı deyil.

Ah-nalə, giley-güzar və şikayətin biri bir qəpiyə düşüb

Lakin o illərdə teatrın baş rejissoru vəzifəsində çalışan əfsanəvi aktyor-rejissor Ədil İsgəndərov əsərin ümumi mövzu və məzmununun uğurlu olduğunu görüb Səməd Vurğunu öz yanına çağırır. Rejissor müəllifdən soruşur: "İstəyirsən ki, bu əsər səhnəyə qoyulsun?" Səməd Vurğun qətiyyətlə bunu istədiyini bildirir. Ədil İsgəndərov dərhal təklif edir ki, əsər yenidən işlənməlidir.

Rejissor teatr səhnəsi üçün yararlı və maraqsız olan bütün səhnələri əsərdən çıxarır. Pyesdə görmək istədiyi bir neçə səhnəni müəllifə təklif edir. Rejissor və müəllif günlərlə bu pyesin üzərində çalışır və demək olar ki, yeni bir pyes yazırlar. Daha sonra Səməd Vurğun əsəri yenidən teatrın bədii şurasına təqdim edir və pyes səhnələşdirilir.

Bu proses zamanı teatr təcrübəsi keçən, rejissordan dramaturgiya normalarını öyrənən Səməd Vurğun ard-arda üç pyes yazır: "Xanlar", "Fərhad və Şirin", "İnsan". Hətta, "Vaqif" pyesi ilə "Fərhad və Şirin" pyesinə görə iki dəfə "Stalin" mükafatına layiq görülür.

Ən ucuz bazar: Gəl, ay müştəri, artistdən qalmadı

Yəqin ki, nə demək istədiyim həm suçlu, həm güclü olan, deyingən rejissorlarımıza məlum oldu. Bəli. Şair Səməd Vurğunu dramaturq Səməd Vurğuna çevirən, ona dövrün ən məşhur pyesini yazdıran və daha sonra da pyeslər yazmasına səbəb olan adam o dövrün rejissoru Ədil İsgəndərov idi.

Siz hələ bir Ədil İsgəndərov olmadan ssenarist və dramaturq yoxluğundan danışırsınız. Hanı sizin teatr təcrübəniz? Hanı sizin dramaturgiya biliyiniz? Siz bir rejissor kimi hansı dramaturqu püxtələşmiş və tanınmış imzaya çevirdiniz? Siz hansı sənətdən danışırsınız? Siz özünüzü Ədil İsgəndərov zənn edib, Səməd Vurğun yoxluğundan şikayət edirsiniz. Nə haqla?

Kim sizə dram əsəri və ya ssenari verməlidir? 21-ci əsrdə gözləyirsiniz ki, göydən qəfil bir Cabbarlı və ya bir Şekspir enəcək? Bu, nə fantastik ümid və bu, nə cəfəng giley-güzardır?

Bütün öhdəliklərinizi digərlərinə yükləyib özünüzü parlaq kürsülərin dahisi zənn etməyin. Xəyalınızda qalxdığınız o ucalıqdan enin və zəhmət çəkin. Dramaturq yetişdirin, aktyor, aktrisa yetişdirin. Əsər və tamaşa ərsəyə gətirin. Əgər kifayət qədər uğurlu yetirmələriniz və uğurlu sənət nümunələriniz olarsa, ondan sonra qalxmaq istədiyiniz bütün kürsülər sizə qurbandır.

Nə qədər ki, yoxdur, Cəfər Cabbarlı demiş: "Səfil xalq, nə bağırırsan? Bacarırsansa, yarat, bacarmırsansa, yıxıl, öl!" ("Oqtay Eloğlu" pyesindən)