HADİSƏ

Paytaxt yaxınlığında qorxulu vəziyyət yaranıb, sakinlər təşviş içərisindədirlər

Qəsəbədə yerləşən qaçqın şəhərciyində binaların damı yerindən qopub
Sputnik

BAKI, 25 oktyabr — Sputnik. Mehdiabad qəsəbəsində güclü külək ciddi fəsadlara yol açıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə,  güclü külək nəticəsində qaçqın şəhərciyində yerləşən binaların damı yerindən qopub. "Vəziyyət pisdir. Evin damı qopub düşdü. Uşaqlar qorxudan ağlayır. Nəsə olacağından narahatıq" — deyə sakinlər bildiriblər. 

Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasında küləkli hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 26-dan küləyin sürəti daha da artacaq. Güclü şimal-qərb küləyinin oktyabrın 27-si səhərədək davam edəcəyi gözlənilir. Abşeron yarımadasında hava şəraitinin ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun 10-12 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

Oktyabrın 27-si səhər saatlarından isə yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. 

Azərbaycanın rayonlarında da oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda suyun miqdarının artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.