CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycansayağı içmək, yaxud ÜST niyə bizi içki içilməyən ölkə kimi təqdim edib

ÜST-ün açıqladığı bu rəqəmlərin fonunda Azərbaycanda spirtli içki qəbulunu ideal adlandırmaq olar, özü də nəzərə alanda ki, postsovet ölkələri dünyada alkoqollu içkilərin qəbuluna görə lider hesab olunur
Sputnik

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Məlum olduğu kimi, bir sıra beynəlxalq reytinqlərdə və tədqiqatların nəticələrində Azərbaycan spirtli içkinin ümumiyyətlə içilmədiyi və ya da az içildiyi ölkə kimi qeyd olunur. Bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

Ümumdünya Səhiyyə Təşkilatının "Global status report on alcohol and health 2018" adlı hesabatında qeyd olunur ki, 2016-cı ildə Azərbaycanda əhalinin 15 yaşdan yuxarı təbəqəsi arasında içilən spirtli içki (təmiz spirt) ortalama 3,7 litr təşkil edir. Bununla yanaşı, il ərzində kişilər 4,6 litr, qadınlar isə 1,6 litr (ortalama) içki qəbul edirlər.

Spirtli içki və siqaret əməliyyatı keçirilib

ÜST-ün açıqladığı bu rəqəmlərin fonunda Azərbaycanda spirtli içki qəbulunu ideal adlandırmaq olar, özü də nəzərə alanda ki, postsovet ölkələri dünyada alkoqollu içkilərin qəbuluna görə lider hesab olunur.

Təşkilatın məlumatına görə öz növbəsində postsovet ölkələrində qəbul edilən spirtli içkilərin göstəriciləri belədir (təmiz spirtlə, ortalama, kişi və qadın): Gürcüstan vətəndaşları il ərzində ortalama 27,9 litr (kişilər 36,1, qadınlar 12,7 litr) təmiz spirt qəbul edirlər; Qırğızıstanda 24 litr (kişilər  29,9, qadınlar 10,9); Moldovada 22,8 litr (müvafiq olaraq 31,7 və 11,1); Ermənistanda 21,3 litr (27,4 kişilər, 9,7 qadınlar); Rusiyada 20,1 litr (30,5 kişilər, 0,5 qadınlar); Qazaxıstanda 19,2 litr (25 kişilər, 8,9 qadınlar); Litvada 18,9 litr (27,9 kişilər, 9,7 qadınlar); Türkmənistanda 17,8 litr (22,4 kişilər, 8 qadınlar); Latviyada 17,2 litr (25,1 kişilər, 8,6 qadınlar); Estoniyada 15,9 litr (22,9 kişilər, 7,9 qadınlar); Tacikistanda 15,8 litr (müvafiq olaraq 19,3 və 7,1); Belarusda 15,2 litr (22,8 və 7,9); Ukraynada 13,8 litr (20,5 və 7,1); Özbəkistanda 12,8 litr (15,8 və 5,7).

Bununla yanaşı, yenə də ÜST-ün məlumatına görə, Azərbaycanda qəbul edilən spirtli içkilərin 61%-ni pivə, 37%-ni şərab və 2%-ni isə digər alkoqollu içkilər təşkil edir. Bu hesabata inansaq, bizim ölkədə ümumiyyətlə araq içilmir və həmin alkoqollu içki mövcud deyil. Bu göstəricilər alkoqollu içkilərin ticarəti ilə məşğul olanları təəccübləndirməyə bilməz. Çünki məlum olduğu kimi, pivəyə tələbat mövsümi xarakter daşıyır, satılan araq şüşələrinin sayı isə şərab şüşələrinin sayından bir neçə dəfə çoxdur.

Yeri gəlmişkən, qədim zamanlardan bu yana şərabiçmə mədəniyyətinin geniş yayıldığı qonşu Gürcüstanda içilən yerli şərabın payı 43%, pivənin payı 18%, tünd spirtli içkilərin payı isə 39%-dir.

ÜST bu hesabatı hazırlayarkən Azərbaycanın Statistika Komitəsinin verdiyi rəsmi rəqəmlərə, eləcə də alkoqollu içkilər istehsal edən müəssisələrin, spirtli içkilərin satışı ilə məşğul olan obyektlərin məlumatlarına istinad edib. İndi AR Dövlət Statistika Komitəsinin üzərinə spirtli içkilərin istehsalı və satışı ilə bağlı statistikanın hazırlanmasına ciddi dəyişiklik etmək düşür.

Ölkədə adambaşına düşən kiçik miqdarda alkoqol istehlakı görüntüsü, Azərbaycan Respublikası Vergilər Nazirliyinin spirtli içkilərin istehsalı və satışında şəffaflığın təmin edilməsi tələbi ilə həyata keçirdiyi işlərlə alt-üst edilib.

Belə ki, Vergilər Nazirliyinin alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə həyata keçirdiyi son yoxlamalar çərçivəsində qanunvericiliyin kobud surətdə pozulduğu aydın olub. Bu pozuntular arasında isə ilk yeri alkoqollu içkilərin qanunsuz dövriyyəsi (özü də iri həcmdə) tutur.

Təkcə 2018-ci ilin aprel-sentyabr aylarında keçirilən yoxlamalar zamanı 27,9 min şüşə saxta aksiz markalı, yaxud da markasız mal aşkarlanıb. Habelə, 619 min manat dəyərində nağd pula alkoqollu içkilər satan fabriklər qeydiyyata alınıb. Hazırda sözügedən fəaliyyətlərlə qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərlə bağlı 34 cinayət işi qaldırılıb.

Bu içki sizi infarktdan qoruyur

Göstərilən halların qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisinin istehsal obyektlərində aksiz — nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib. Nəticədə araq istehsalı və satışı üzrə hesabat məlumatları 3 dəfə artıb.

Yeri gəlmişkən, dövlət büdcəsinə daxilolmalar da nəzərəçarpacaq dərəcədə artıb. Öz növbəsində, təkcə cari ilin iyul ayında aksiz üzrə vergi ödənişi cari ilin orta aylıq ödənişləri ilə müqayisədə 60% yüksəlib.

Görülən tədbirlər nəticəsində ölkədə spirtli içkilərin qəbulu ilə bağlı göstəricilər xeyli şəffaflaşıb. Şübhəsiz Azərbaycan əhalisi alkoqol dərəcəsi yüksək olan tünd içkilərə, ilk növbədə isə arağa üstünlük verir. Bizdə səhərlər "xaş"la ancaq arağın içildiyini xatırlamaq kifayətdir. Burada hansısa şərabdan, yaxud da pivədən söhbət gedə bilməz.

O da var ki, Azərbaycanda spirtli içkilərin qəbulu mədəniyyəti də digər post-sovet ölkələrindən fərqlənir. Misal üçün, burada supermarketlərin və ya şərab dükanlarının qarşısında "atüstü vurmaq" halına rast gəlməzsiz. İçki içənlər adətən ümumi məclislərdə və ayrı-ayrı kabinetlərdə birlikdə içməyə üstünlük verirlər.

Azərbaycanda alkoqollu içkilərin içilməsi təcrübəsi piylənməyə, bir sıra ürək xəstəliklərinə, eləcə də diabetin ölkədə yayılmasına gətirib çıxarır. Nəticə ölkə üçün çox təəssüf doğurur ki, bu da ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinə mənfi təsir göstərir.

Dünya İqtisadi Forumunun yeni metodologiya ilə hazırladığı "2018-ci il Qlobal Rəqabətlilik Hesabatı"nda 12 indikator var ki, onlardan biri də əhalinin sağlamlığıdır. Təəssüf ki, həmin göstəriciyə görə, Azərbaycan 140 ölkə arasında 91-ci mövqedədir. Öz növbəsində əmək qabiliyyətli insanların uzunömürlülük göstəricisi 63,4 ildir.

Bunlarla yanaşı elə DİF-in həmin hesabatında Azərbaycan ümumilikdə 69-ci yeri tutub. Orada postsovet ölkələrindən Estoniya 32-ci, Litva 40-cı, Latviya 42-ci, Rusiya 43-cü, Qazaxıstan 59-cu və Gürcüstan 66-cı yerlərdə qərarlaşaraq Azərbaycanı geridə qoyublar. Ermənistan 70-ci, Ukrayna 83-cü, Moldova 88-ci, Qırğızıstan 98-ci və Tacikistan 102-ci yerlərdə qərarlaşmaqla ölkəmizdən geridə qalıblar.

AR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə ölkəmizdə istehsal edilib: şampan şərabı – 1,2 min dekalitr (2016-cı ildən 40%), araq – 549,2 min dekalitr (96,2%), brendi – 6,3 min dekalitr (42%), üzüm şərabı — 1,02 milyon dekalitr (102,4%), pivə – 4,552 milyon dekalitr (139,7%).