Aleksandra Zuyeva, Talıb Barxudayev, Sputnik Azərbaycan
BAKI, 18 oktyabr — Sputnik. Panama bayrağı altında üzən və göyərtəsində metal qırıntıları olan "FOM" yük teploxodu oktyabrın 13-də Qara dənizdə batıb. Ekipajın bütün üzvləri — ikisi Türkiyə və 6-sı Azərbaycan vətəndaşı olan şəxslər xilas edilərək yunanlara məxsus "Minevra" tankeri vasitəsilə Novorossiyskə evakuasiya ediliblər. Gəminin göyərtəsində kapitan Fərid Babayev, kapitanın boyük köməkçisi Saleh Qəmbərli və matroslar Fərasət Quliyev, Zaman Zamanlı, Namiq Zamanov, Murad Muradov və Türkiyə vətəndaşları Ramazan Oğruncla Məhərrəm Köşe olublar.
Sputnik Azərbaycan gəminin nə səbəbdən batdığı və ekipajın özünü necə hiss etdiyi ilə maraqlanıb. Və bu suallarla bədbəxtliklə üzləşən dənizçilərə müraciət edib.
Kapital Fərid Babayev bildirib ki, "Minevra" gəmisi onları Novorossiysk limanına endirib. Tankerdə yalnız komandanın Türkiyə vətəndaşı olan üzvləri qalıb. Onlar viza məsələləri həll olunana qədər orada qalmalı olublar.
"Hər şey yaxşıdır. Hər şey qaydasındadır. Yəqin ki, bizi 2-3 gün burada polis və sığorta şirkəti sorğu-suala çəkəcək, sonra isə Bakıya yollayacaqlar" — deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
Baş vermiş hadisəyə gəlincə, kapitan qeyd edib ki, onlar gəmiyə metallomu Rostovda yükləyiblər. Sonra onlar çayı normal şəkildə keçərək Kerç boğazına qədər üzüblər və orada bütün günü keçmək üçün gözləyiblər.
Onun sözlərinə görə, təqribən saat 22:00-23:00-da onlar Qara dənizə çıxıblar. Bu vaxta qədər hər şey normal olub. Onlar artıq Yalta yaxınlığına çatıblar. Külək yol getməyə imkan verdiyindən, onlar İstanbul istiqamətində üzməyə başlayıblar.
Sonra onlar gəminin sola doğru əyildiyini fərq ediblər və bu problemi aradan qaldırmağa nail olublar. Gecə yarısı isə gəminin əyilmə prosesi güclənib.
"Mən teploxodu Yalta istiqamətinə çevirməyə cəhd etdim ki, yaxın olsun, amma alınmadı. Sürət 1-ə və 0.9-a qədər düşdü. Əvvəlki kursa geri dönmək məcburiyyətində qaldım" — deyə kapitan bildirib.
Sürət 7,5-ə qədər qalxanda isə, necə olursa olsun, bir şəkildə İstanbula üzməyə çalışmaq qərara alınıb. Kapitanın sözlərinə görə, gecə saat 3-də o, anbarın möhürünü qırmağı və oranı yoxlamağı əmr edib. Həmin vaxt isə orada artıq su olub. Komanda suyu gəmidən çölə vurmağa başlayıb. Lakin su elə sürətlə gəmiyə dolub ki, onlar onu boşaltmağı çatdırmayıblar.
Təqribən saat 6:00-6.15 radələrində kapitan SOS siqnalı verib. Bu siqnalı Yaltada tutaraq "Minevra"ya ötürüblər. "Minevra" isə saat yarım sonra batmaqda olan "FOM"a yaxınlaşıb.
""Minevra"nın ekipajı tələb etdi ki, biz mühərrikləri söndürək. Biz isə cavab verdik ki, əgər onları söndürsək, daha pis olacaq. Lakin hava küləkli idi, onlar yaxınlaşa bilmirdilər və ehtiyatla hərəkət edirdilər, çünki "Minerva" nəhəng tankerdir" — Sputnik Azərbaycan-ın həmsöhbəti deyib.
Nəticədə komanda mühərriki söndürüb və suya sal endirib. Hər kəs qurtulub. Təlaş olmayıb. Kapitan bildirib ki, daha çox təlaşdan qorxurmuş, çünki göyərtədə gənc dənizçilər olub.
"Hər şey yaxşı keçdi. Heç kim xəsarət almadı, heyət üzləri sağ-salamatdır. Hamı yanımdadır, biz bir yerdəyik" — Babayev deyib.
Azərbaycanın qurumları ilə əlaqə məsələsinə gəldikdə, kapitan bildirib ki, ona bu qurumlara müraciət etməyi təklif ediblər, lakin o imtina edib: "Allahın köməyi ilə hər şey yaxşı olacaq. Əsas odur ki, biz hamımız sağ-salamatıq. Anamı qorxutmaq istəmirdim, o, şəkər xəstəsidir və ona deməmək qərarına gəldim. Xalama xəbər verdim".
Öz növbəsində, kapitanın böyük köməkçisi Saleh Qəmbərli qeyd edib ki, gəminin batmasının səbəbi dibdə çatın əmələ gəlməsi olub. İndi bu barədə dəqiq söz demək çətin olsa da, bunu anbara suyun sürətlə dolması təsdiq edir.
Yükün bu işdə rolunun olub-olmamasına gəldikdə, Qəmbərli deyib ki, onlar xırda metallom daşıyırmışlar və onu yükləyib pressləyiblər. Belə yük isə gəmi ləngər vuranda da hərəkət etmir.
"Əgər bu, taxıl və s. olsaydı, güman etmək olardı ki, düz yükləməyiblər, yük bir tərəfə yığılıb. Lakin bu, presslənmiş metallomdur. Onu elə yükləmişdilər ki, yerini dəyişə bilməzdi" — o bildirib.
Qəmbərli, həmçinin artıq yüklənmə versiyasını da rədd edib. Onun sözlərinə görə, gəminin hələ 200 tonluq ehtiyat yeri var imiş: "Biz daha çox da yükləyə bilərdik. Lakin az yük götürdük. Orada əvvəlcə çaydan keçmək lazım idi və əgər yük çox olsaydı, biz oradan keçməyə bilərdik. Biz 1800 ton yük vurmuşduq. Gəmi 2,2 min ton yük götürür. Ona görə də yüklə bağlı problem yox idi".
Gəminin yaşına gəldikdə isə, böyük köməkçi onun köhnə olması ilə razılaşıb. Gəmi 1981-ci ildən üzürmüş. "Yəqin ki, problem bundadır. Bir də ki, yük axı metaldır. Yükləyirlər, presləyirlər. Bəlkə möhkəm dəyib, çat yaranıb, sonra isə su onu genişləndirib" — Qəmbərli qeyd edib.
O "Minerva"ya və onun kapitanına rabitədən istifadə etməyə icazə verdiklərinə və yaxınlarına zəng etdiklərinə görə təşəkkür edib. Həmçinin qeyd edib ki, hazırda hər şey yaxşıdır, onları yedirirlər və bütün lazımi şeylərlə təmin olunublar.
"Əhvalımız yaxşıdır. Hər şey yaxşıdır. Bir-iki gün təhqiqat aparılacaq, sonra isə bizi Bakıya göndərməlidirlər" — böyük köməkçi deyib.
Onlara qarşı hansı ittihamların irəli sürülə biləcəyi barədə suala cavab verən Qəmbərli bildirib ki, heç bir ittihamdan söhbət gedə bilməz. Onun sözlərinə görə, gəminin batma səbəbləri təbii olaraq araşdırılacaq, lakin qurban və xəsarət alan yoxdur, heyət salamatdır: "Bizim bu hadisədə heç bir günahımız yoxdur".
Gənc matros Murad Muradov isə Sputnik Azərbaycan-a dənizə çıxmamışdan əvvəl Bakıda şirkətdə işlədiyini deyib. Bu, onun ilk beynəlxalq reysi imiş.
"Heç bir gərginlik və narahatlıq yox idi. Vəziyyət gərginləşəndə heç bir təlaş olmadı. Hər şey normal keçdi. Hamı sağ-salamat qurtuldu. İndi də hər şey normaldır. Kapitan vaxtında SOS siqnalı verdi" — deyə o vurğulayıb.