HADİSƏ

Təbii fəlakət daha təhlükəli məcraya yönəlir

Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. "Badamdar — 20-ci sahə yolunun sağ kənarında sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan məlumat verilib. Bildirilib ki, sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir.

"Tikilinin hərəkət etmə ehtimalı var. Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb" — deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Badamdar — 20-ci sahə yolunun sağ kənarında sürüşmə ərazisində gərginlik oktyabrın 1-də müşahidə edilib. Oktyabrın 12-də səhər saatlarında isə sürüşmə baş verib.

Bu gün saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib. Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.

Sürüşmə