BAKI, 17 oktyabr — Sputnik. Krımın Kerç şəhərində Politexnik kollecində əldəqayırma partlayıcı qurğu işə salınıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində ölən və xəsarət alanların böyük əksəriyyəti yeniyetmələrdir.
"Müstəntiqlər hadisə şahidlərin dindirilməsi və müşahidə kameralarındakı görüntüləri öyrənməyə başlayıblar", — deyə Petrenko bildirib.
Bu arada Rusiya İstintaq Komitəsi Kerç şəhərində Politexnik kollecində törədilən partlayış nəticəsində ölənlərin sayının artığını bildirib: "Hazırda 18 nəfərin öldüyü, təxminən 50 nəfərin xəsarət aldığı məlumdur".
Bu arada Krımın rəhbəri Sergey Aksenov "Rossiya – 24" telekanalının efirində Kerç kollecində terror aktını törətməkdə şübhəli bilinən şəxs barədə danışıb.
Aksenovun sözlərinə görə, terror aktını 22 yaşlı Kerç sakini törədib. O, kollecin 4-cü kurs tələbəsi olub. Terrorçu özünü öldürüb.