TƏHLİL

Jurnalistin qətli bölgədə dəngələri kökündən dəyişə bilər

Səudiyyənin sıxışdırılması bölgədə şiələrin nüfuzunu artıra bilər
Sputnik

Səudiyyə Ərəbistanı rejimi müxalif jurnalist Camal Haşoginin (Camal Kaşıkçı) bu ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyünü etiraf etməyə hazırlaşır. Məlumata görə, Səudiyyə rejimi jurnalistin "konsulluq binasında dindirmə zamanı təsadüfən öldürüldüyünü" bəyan etməklə vəziyyətdən çıxmağa çalışacaq, bu hadisəyə görə konsulluq əməkdaşlarından bəziləri günahkar elan ediləcək. Mənbə bildirir ki, Səudiyyə Ərəbistanı hökumətinin rəsmi bəyanatı üzərində hazırda iş gedir və bəzi detallar yenidən nəzərdən keçirilir. 

Labüd addım atıldı: Təhdidlərin başa çatacağını isə söyləmək olmaz

Xatırladaq ki, Camal Haşogi oktyabrın 1-də sənəd almaq üçün konsulluğa daxil olub və orada "yoxa çıxıb". Onun konsulluğa daxil olmasından bir neçə saat əvvəl Səudiyyə Ərəbistanından iki "Gulfstream" təyyarəsi ilə 15 nəfərlik qrup gəlib. Qrupun üzvlərinin xüsusi xidmət əməkdaşlarından və jurnalisti öldürmək üçün gələn cəlladlardan, o cümlədən elektrikli mişarla silahlanmış patoloji anatomiya mütəxəssisindən ibarət olduğu təsbit edilib. Türkiyə qaynaqları jurnalistin konsulluqda işgəncə verilərək öldürüldüyünü, cəsədinin doğranılaraq mikroavtobusla binadan çıxarılıb naməlum istiqamətə aparıldığını bildirir. Səudiyyə tərəfi isə bu ittihamları rədd edərək jurnalistin konsulluğa girəndən qısa müddət sonra oranı tərk etdiyini bildirirdi.

Türkiyə polisinin və kriminalistlərinin konsulluq binasında axtarış aparmasına icazə verilib. Çoxsaylı kriminalistlərin və təhqiqatçıların iştirakı ilə aparılan araşdırma gecə səhərə qədər davam edib. Jurnalistlər içəri buraxılmayıb. Binanın bütün işıqları söndürülüb və pəncərədən mavi işıq görünüb. Mavi işıq taktikası cinayət yerinin araşdırılması üçün tətbiq edilir. Əvvəlcə hadisə yerində əşyaların üzərinə luminal adlanan maddə püskürdülür. Daha sonra həmin maddənin üzərinə mavi-yaşıl işıq salınır və həmin maddə işıqla reaksiyaya girir, nəticədə silinmiş qan izlərini aşkarlamaq mümkün olur.

"Kaşıkçı olayı" ABŞ – Səudiyyə münasibətlərində gərginliyə səbəb olub. ABŞ-la Səudiyyə arasında yaşanan gərginliyin ardından Birləşmiş Ştatların xəzinə naziri Stiv Mnuçin də Əl-Riyada cavab verəcəkləri mesajını verib. ABŞ daha çox Səudiyyə Ərəbistanının İranla bağlı mövqeyinə təsir etmək niyyətindədir. Vaşinqton regionun gələcəyinin planlaşdırılmasında dünyanın neft ehtiyatlarının 2/3-ə, qaz ehtiyatlarının isə 40% sahib olan İrana böyük önəm verir. Amerika strateqləri anlayırlar ki, İran yalnız Fars körfəzi, Yaxın və Orta Şərqdə əsas geosiyasi oyunçu olmaqda qalmaqda davam etməyəcək, eyni zamanında enerjidaşıyıcılarının qiymətlərinin müəyyənləşməsində əsas rollardan birini oynayacaq. Ağ Ev üçün çox vacibdir ki, bu alət tezliklə ABŞ-ın əlində olsun. Bu reallaşarsa, uduzan tərəf Səudiyyə Ərəbistanı olacaq. Bu ölkə də özünün neft qiymətləri ilə bağlı uzağı görməyən siyasətindən dolayı çox pis vəziyyətdə qalıb. Suriya və Yəməndəki müharibələrə çox böyük vəsait sərf olunur. Hətta iş o yerə çatıb ki, kralın istefa verməsi və hakimiyyəti onun varisinə ötürmək niyyəti barədə məlumatlar sızıb. 

Azərbaycan və Ermənistan üçün həssas dönəm: Sanksiyalar müəllifi gəlir

Bütün bunlar o faktı təsdiqləyir ki, Suriyada müharibə, İraqda münaqişə, Yəmən böhranı dünyada neft bazarının yenidən bölüşdürülməsinin əsas mərhələsidir. Bu Səudiyyə Ərəbistanının zəifləməsi və İranın güclənməsi olmadan baş verə bilməz. Buna baxmayaraq, Yaxın Şərqdə ABŞ və İngiltərə siyasətini Səudiyyə Ərəbistanı həyata keçirir. OPEC-də neftin qiymətinin qalxıb-enməsi, dolların məzənnəsinin müəyyən olunmasıda Səudiyyə Ərəbistanın mövqeyinin qeyri-adi dərəcədə əhəmiyyəti var. ABŞ-ın dünya siyasətində oynadığı rolda, xüsusilə neft siyasətinin əsas açarlarından biri Səudiyyə Ərəbistanıdır. Onu da vurğulayaq ki, Səudiyyə Ərəbistanın bütün ordusu ABŞ-ın, neft sənayesi isə Böyük Britaniyanın nəzarətindədir. Səudiyyə Ərəbistanı İranın və Suriyanın, yəni şiə siyasi gücünün qarşısında duran ən radikal əks məzhəbə sahib olan dövlətdir. Səudiyyənin sıxışdırılması bölgədə şiələrin nüfuzunu artıra bilər. ABŞ buna razı olacaqmı? Digər tərəfdən, Səudiyyə Ərəbistanı "11 sentyabr terroru" ilə bağlı konkret faktları açıqlaya bilər və bu baş verərsə, ABŞ üçün xoş olmaya da bilər. Bir sözlə, Vaşinqton Səudiyyəni də qarışdırmaq və ölkəni parçalamağa girişərsə, bölgədə yeni qanlı hadisələrin şahidi ola bilərik…