HADİSƏ

Bakıda iki nəfər maskalı şəxs Abutalıbovanı döyüb

Buzovna sakinləri yaşlı qadını döyərək onun telefonunu və pullarını götürüblər
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Bakıda iki maskalı kişi yaşlı qadının evinə soxulublar. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, oktyabrın 16-da saat 18:20-də cinayətkarlar Buzovna qəsəbəsində 1934-cü il təvəllüdlü Abutalıbova Məryəm Yadulla qızının evinə daxil olublar. Cinayətkarlar 84 yaşlı qadını döyərək ondan evdəki pulların yerini deməyi tələb ediblər. 

Bakıda aptekə hücum oldu, quldur kameralara düşdü

Quldurlar Abutalıbovadan 1000 manat pul və mobil telefon götürüblər. Öz qurbanlarından pulları götürəndən sonra quldurlar gizlənsələr də, polis onlara çox da uzağa getməyə imkan verməyib.

Hər iki şübhəli şəxs saxlanılıb. Məlum olub ki, onlar Buzovna qəsəbəsinin sakinləri — 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Həşiməli oğlu və 1989-cu il təvəllüdlü Dadaşov Nağdəli Muxtar oğludur. Onlar qoca qarının pullu nənələrdən olduğunu biliblər və ona görə də qurbanlarını dəqiq seçiblər. Amma qoca qarını döyərək ələ keçirdikləri pulları rahat yemək onlara nəsib olmayıb.

Hazırda saxlanılan şəxslərlə bağlı quldurluq faktına görə cinayət işi açılıb. Onların digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.