BAKI, 15 oktyabr — Sputnik. UEFA Millətlər Liqasının IV turu çərçivəsində millimiz Bakıda Malta millisi ilə qarşılaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, 1:1 başa çatan görüşdən sonra Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:
"Məğlub olsaydıq belə, belə oyunla futbolçulardan razı qalacaqdım. Qol çatışmadı. Futbolçular hər epizodda düzgün davrandılar. Onlara hər hansı iradım yoxdur. Sadəcə, qol vura bilmədik.
Təmkin Xəlilzadənin qızdırması vardı deyə start heyətdə meydana buraxmamışdım. Onu meydana buraxanda da tərəddüd etdim.
Rəqib baş məşqçinin Azərbaycan yığması fantastik komandadır ifadəsi işlədib? Yəqin ki bugünkü oyunumuz belə deməyə əsas verib.
Kamran Ağayevin bu gün texniki səhvləri oldu. Səlahət Ağayevi oynatmaq olardı. Amma təcrübəyə üstünlük verdim.
Mahir Mədətova qarşı basqı var. Onu mütləq şəkildə biz qazanmalıyıq. Qol ötürməsini də o verdi. Onu qazanmağa bizim ehtiyacımız var. Paltardəyişmə otağında Mahir ağlayırdı. Bu futbolçulara güvənmək lazımdır. Bizim başqa futbolçumuz yoxdur. Onlara güvənməliyik. İnanın mənə, onların hər biri məsuliyyətlidir. Hər bir halda furbolçularımın arxasındayam. Onlar bu gün əsl xarakter göstərdilər.
Mən bu komandaya inanıram. Əgər desək, biz bu qrupdan çıxmayacağıq, o zaman futbol oynamağa ehtiyac yoxdur. Matçlara uduzmaq üçün çıxmırıq. Düşünürəm ki, oyundan oyuna artıracağıq.
Oyundan sonra fitə basıldıq? Belə olubsa, normal haldır. Amma mənə görə, bu futbolçulara irad bildirilməsi düz deyil. Bəlkə azarkeşlər məni fitə basıb?! Şəxsən mən futbolçularıma irad bildirmədim".