CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəl də, belə hadisənin qarşısında şoka düşmə

Və o yoldaş həmin fakt qarşısında şoka düşdüyünü etiraf edə bilməzdi
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Türkiyədə azərbaycanlı iş adamına "şok" yaşadıblar. Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Tahir Məmmədov ad-soyadlı bir azərbaycanlı iş adamı İstanbulda Yenibosna deyilən ərazidə "Uber"-dən taksi sifariş edib. Amma avtomobildən düşərkən pencəyini və 10 min dollar pulunu avtomobildə unudub.

Əhali böyük sual qarşısında: Əgər bu fakt isbatını taparsa...

Sonradan məsələdən xəbərdar olan taksi sürücüsü mərkəzə edilən zəng üzrə iş adamının telefon nömrəsini tapır və avtomobildə unutduğu əmanətləri sahibinə qaytarır. "İnsanın ağlına hər şey gəlir, amma mən pulu qəpiyinə qədər ona qaytardım" — deyə sürücü bildirib.

İş adamı isə öz növbəsində sürücüyə minnətdarlıq edib və belə insanların hələ də var olduğu üçün sevindiyini qeyd edib.

Təbii ki, bizim həmyerlimiz yaranmış vəziyyət qarşısında şoka düşdüyünü etiraf edə bilməzdi. Sadəcə, minnətdarlıq hissini ifadə edə bilərdi ki, "guya, bizdə də belədir və siz də belə yaxşı adam olduğunuz üçün çox sağ olun".

Yəni, T.M. deyə bilməzdi ki, "ala, bizdə başqasından aldığı 40 manatı qaytarmamaq üçün 15 ildir işlətdiyi telefon nömrəsini, 5 ildir qaldığı kirayə evi, bir az da cəsarətlisi olsa, şəxsiyyət vəsiqəsində ad-soyadını dəyişdirən oğlanlar var e".

Deyə bilməzdi, axı, bunu. Üstəlik, həmin 10 min dollardan qaldırıb 10 dollar sürücüyə təşəkkür hədiyyəsi vermədiyi halda, niyə yalan danışsın ki? Zatən, biz pul-para məsələsində olduqca həssasıq (verməkdə deyil, almaqda).

Bu hadisəni eşidəndən sonra adamın şoka düşməyi gəlir. Üz tutursan Yaradana ki, biz də şok istəyirik, Pərvərdigar-aləm. Amma T.M-in yaşadığı kiçik şokdan deyil, daha böyüyündən. Məsələn:

Xəstəxanadan xəstəyə zəng gələ ki, "Keçən dəfə sağın əvəzinə sol tayını kəsdiyimiz sağlam ayağınızı burada unutmusunuz, zəhmət olmasa, gəlin ayağınızı aparın. Hə, əgər böyrəyinin bir tayını əməliyyat masasında yaddan çıxaran tanışınız varsa, onu da özünüzlə gətirin".

Bu şokdan ayılmamış valideynlərə kütləvi SMS gələ: "Səhlənkarlığınız ucbatından məktəblərdə unudub getdiyiniz süpürgə pulu, lövhə pulu, dəftər-kitab pulu, ad günü-bayram pulu, əlavə hazırlıq pulu, məktəbli geyim(lər)i pulu, "nazirlikdən gələn var" pulu, "təhsil şöbəsindən gözünü ağardan var" pulu və s. və i. – hamısı yığılıb qalıb. Əziyyət çəkin, gəlin pullarınızı yığışdırın".

"Qaynar xətlər" zəng əlindən dolub-daşır: Təəssüf, çox təəssüf...

Başımızın dumanı dağılmadan ölkəyə xəbər yayıla: "Yanacaqdoldurma məntəqələri depozitlərinizi, üzərinə yığılmış qazancları ilə birlikdə geri qaytarma aksiyasını açıq elan edir. Sürücülərdən xahiş olunur ki, illər boyu "zapravka"nın çəninə geri qayıdan, qaza qarışıb uçan və istənilən bütün formada halallığını almadan sizdən çırpışdırdığımız zərrələri, qramları, litrləri, tonları sizlərin xoş gələcəyi üçün saxlamışdıq. Ki, üst-üstə yığılsın və gələcəkdə küll halında geri qaytaraq. Artıq zamanı çatdı, evdə, qonşuda nə qədər vedrə, vanna, bidon, çən varsa, arabalara doldurub gəlin".

Bu tərəfdən də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "Azərsu"yu müjdələyə: "Taaapıııldııı! Vallah, o qədər ad dəyişmişik ki, adımız da yadımızdan çıxıb. Bilmirik, hansı adla, hansı ildə, hansı küçəni qazanda, səhvən sizin kanalizasiya xəttinizi çəkməməyi unutmuşduq, ha. Siz də küsmüşdünüz ki, belə də qeyri-peşəkarlıq olar?! Ondan sonra bütün küçələri qazıb həmin yeri tapdıq, gəlin borunuzu çıxarın, biz oranı təkrar asfaltlayaq. Sonra "məlum olar" ki, bəs kanalizasiya xəttini çəkməyi unutmuşuq. Yenidən başlayaraq oraları eşməyə ki, siz boru çəkə biləsiniz. Və nəticədə təzə boru sizin, təzə asfalt bizim. Necədi?"

Şok istəyirik, İlahi. Böyük ŞOK, çox böyük…