CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil ekspertindən həyəcan siqnalı: “6 milyon sualın yoxlanılması mümkündür?”

“Cəmiyyətin qəbul imtahanlarına olan inam hissi azala bilər. İndiyə qədərki şəffaflıq inamı zədələnə bilər”
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Elxan Nəcəfov buraxılış və qəbul imtahanlarının yeni modeli barədə yazıb.

Sputnik Azərbaycan xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Elxan Nəcəfov 2019-cu ildə kurikulum sistemi əsasında tətbiq olunacaq buraxılış və qəbul imtahanlarının yeni modeli barədə AzEdu.az saytında məqalə yazıb.

Dövlət İmtahan Mərkəzinə külli miqdarda ziyan vurulub

Həmin yazını oxuculara təqdim edirik:

2019-cu ildən ali məktəblərə qəbul, həmçinin, orta məktəblərin IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qaydalarına dəyişikliklər edilib. Dəyişikliyə əsas səbəb orta məktəbdə tədrisdə tətbiq edilən dəyişikliklər, kurikulumların tətbiqi, orta məktəb dərsliklərinin yeni tələblərə uyğunlaşdırılması və ən nəhayət bu dəyişikliklərin meydana çıxardığı biliyin qiymətləndirilməsi üçün lazım olan yeni qaydalar oldu.

İstənilən halda, yenilik, inkişafa doğru atılan addım müsbət qarşılanmalıdır. Ənənəvi tədris və dərsliklərlə ali məktəblərə qəbul imtahanlarının nə az, nə çox təqribən, 25 ildən artıq ömrü var. Bu 25 ildə də müəyyən yeniliklər tətbiq olunurdu. İstənilən yenilik haqda xəbərdarlıq 1 il əvvəlcədən elan edilir, bununla bağlı şagirdlərin və müəllimlərin özlərində formalaşdıra biləcəyi vərdiş və bacarıqlar üçün yetəri qədər zaman olurdu.

Bu il üçün nəzərdə tutulan dəyişiklik cüzi yox, əsaslı olduğu üçün yeniliklərin cəmiyyət tərəfindən mənimsənilməsi üçün birillik müddət yetərli deyil. Nəzərə alaq ki, yeniliklərin sonu bəlli deyil, hələ də yeniliklərlə bağlı yetəri qədər qaranlıq məqamlar var. Bu da haqlı olaraq cəmiyyətin narazılığına səbəb olur.

Dəyişikliklər nədir?

2019-cu il üçün nəzərdə tutulan qəbul imtahanlarında 4 ixtisas bloku yaradılıb. Hər ixtisas blokunda 3 fənn yer alır. Şagird qəbul imtahanından maksimum 400 bal toplaya bilər. Bilirik ki, son qəbul imtahanına qədər maksimum qəbul balı 700 bal idi. Bu ildən şagird lazım olan 300 balı buraxılış imtahanından toplaya biləcək. Buraxılış imtahanlarının qəbul nəticələrinə təsir etməsi müəyyən qədər müsbət haldır. Nəticədə buraxılış imtahanlarının praktiki əhəmiyyəti artmış olur. Amma… Amması haqda bir azdan yazacağıq.

Yeniliklər təkcə ixtisas qruplarının bloklarla əvəz olunması və buraxılış imtahanlarının qəbul imtahanına təsiri ilə bitmir. Əhəmiyyətli dəyişikliklərdən biri də sual modellərinin dəyişilməsi, cavab kağızında qaralanan deyil, yazıla bilən tapşırıqların tətbiq edilməsidir.

Abituriyentlər təlaş içindədirlər: Dövlət İmtahan Mərkəzində nə baş verir?

İxtisas bloklarında hər bir fənnə aid 3 situasiya (mətn, mənbə) tapşırığı olmaqla 9 yazıla bilən tapşırıq istifadə olunacaq. Yazıla bilən tapşırıqların istifadə olunması 9-cu siniflər üçün son iki ildə tətbiq olundu. Çatışmazlıqları və qüsurlu yoxlanma şərtləri ilə bağlı ictimaiyyət müəyyən qədər narazılıqlarını bildirdi. Nəzərə alaq ki, yazıla bilən tapşırıqların yoxlanılması şəxslər (markerlər heyəti) tərəfindən aparılır. Bu da imtahanlarda insan faktorunun daha çox hiss olunması deməkdir.

Gəlin çox məhdud informasiya verilməklə tətbiq ediləcək yeni buraxılış imtahanları və qəbul imtahanında qarşılaşa biləcəyimiz problemləri ilə bağlı məqamları təhlil edək.

Yeniliklərlə bağlı məlumat ya gec verildi, ya da verilmədi.

Artıq 2018-2019-cu tədris ilinin 1 ayı geridə qalıb. Hələ də yeniliklərlə bağlı yekun qərar yoxdur. Yazda və yayda keçiriləcək qəbul imtahanlarının tarixlərinə görə hesablasaq, ortada yaz imtahanı üçün 7 ay, yay imtahanı üçün 9 ay vaxt qalır. Heç kim deyə bilməz ki, bu yetəri qədər vaxtdır. Bunu demək ən azı insafsızlıqdır. Əlavə olaraq, təqribən elan edilir ki, buraxılış imtahanları mart, ən geci aprel ayında baş tutacaq. Bu halda buraxılış imtahanlarına 5-6 ay vaxt qalır. Buraxılış imtahanınlarının sual modellərinin, hesablanma qaydalarının, tədris proqramlarının hələ də ictimaiyyətə elan olunmaması yumşaq şəkildə desək, haqsızlıqdır. Görünən budur ki, DİM yeniliklərin tətbiqi ilə bağlı hazırlığını son ana saxlayıb. Belə olduqda yeniliklərin tətbiqi, bu haqda məlumatın verilməsi, yeniliklərə hazırlıq cəmiyyət tərəfindən minimum səviyyədə hiss olunur. Əlbəttə ki, bu məlumatsızlıq abituriyentin buraxılış və qəbul imtahanına hazırlaşmasına mənfi təsir edir. Bir məqamı da nəzərə alaq ki, məlumatların və yeniliklərin vaxtında verilməməsi müəllimlər üçün şagirdlərə – abituriyentlərə lazımı biliyi, bacarığı və vərdişi formalaşdırmaq imkanlarını məhdudlaşdırır.

Nəşr edilən vəsaitlər yeniliklərə vərdiş yaratmaq üçün əhəmiyyətsiz oldu.

Bilirik ki, qəbul imtahanlarına hazırlıq üçün əlavə vəsaitlər önəmli rol oynayır. Uzun illərdir ki, qəbul imtahanlarına hazırlıqda önəmli kömək olan TQDK (DİM) nəşrləri çap olunurdu. Çox təəssüf ki, bu il üçün çap olunan vəsaitlər qəbul imtahanı üçün hazırlığa önəmli təsir edə bilmir. Köhnə imtahan modellərinə uyğun hazırlanan test topluları isə bu mövzuda bir addım irəli, iki addım geri effekti yaratdı. Həmin test topluları ənənəvi dərslikləri əhatə etdi və içərisində heç bir yeni model tapşırıqları özündə ifadə edə bilmədi. Xüsusilə ədəbiyyat və tarix fənlərindən heç bir əhəmiyyəti olmayan test toplusu satışa çıxarıldı. Vətəndaşın bu vəsaitlərə olan inamında xeyli toplu satıldı. Satılan həmin topluların yeni imtahan üçün biliyi yoxlamaqda, imtahan vərdişlərini formalaşdırmaqda olduqca əhəmiyyətsiz olacağı aşkardır.

Dövlət İmtahan Mərkəzi tender elan edir

Nəticələrin yoxlanması prosesində vahiməli vəziyyət.

IX siniflərin buraxılış imtahanında yazıla bilən açıq tapşırıqların fənlər üzrə sayı: ana dilindən 10, riyaziyyatdan 10, xarici dildən 6 tapşırıq. Ümumilikdə 26 yazıla bilən tapşırıq.

XI siniflərin buraxılış imtahanında yazıla bilən açıq tapşırıqların fənlər üzrə sayı: Ana dili 10, riyaziyyat 7, xarici dil 7 tapşırıq. Ümumilikdə 24 yazıla bilən tapşırıq veriləcək.

Qəbul imtahanında hər fəndən 3 yazıla bilən tapşırıq olmaqla ümumilikdə 9 tapşırıq edir.

İndi bu rəqəmləri imtahanda iştirak edən şagirdlərin sayına vuraq. Təkçə qəbul imtahanında 100.000-dən artıq abituriyent iştirak edir. Bu o deməkdir ki, DİM və markerlər heyyəti təkcə qəbul imtahanında 1000.000 (bir milyon) açıq sual yoxlamalıdır. Bu hələ təkcə ixtisas blokları üzrə qəbul imtahanıdır. Buraxılış imtahanında rəqəm daha böyükdür. Birlikdə hesablayaq….

IX siniflər üzrə buraxılış imtahanında 26 açıq sual var. Yenə də ən minimum rəqəm olaraq IX sinif üzrə buraxılış imtahanına girən şagirdlərin sayı kimi 100.000 götürək (çox olar ki, az olmaz). Alınan rəqəm belədir: 26*100.000=2600.000.

XI siniflər üzrə açıq sualların sayı 24-dür. XI siniflər üzrə buraxılış imtahanına gedəcək şagirdlərin də sayı 100.000-ə yaxın olur. Beləliklə də burdan da 2400.000 rəqəmi alınır.

Alınan rəqəmləri topladıqda belə çıxır ki, DİM 2019-cu ilin qəbul və buraxılış imtahanlarında markerlər tərəfindən yoxlanılacaq yazıla bilən tapşırıqların sayı təqribən 6000.000 (6 milyon) olur. Şəffaflıq nöqteyi-nəzərən hər bir açıq sualı 3 marker yoxlayacağı elan edilmişdi. Belə olan halda yenə də birlikdə düşünək… Bu qədər açıq sualın yoxlanılması mümkündürmü? Bunun üçün markerlərin sayı, peşəkarlığı, fiziki və zehni gücü imkan verəcəkmi? Nagümanlıq pis haldır. Nədənsə mən nagüman qalmışam.

Tədris proqramı bitməmiş buraxılış imtahanı etmək nə dərəcədə doğrudur?

Yuxarıda yazılanlardan da məlum oldu ki, buraxılış imtahanlarının keçirilməsi üçün nəzərdə tutulan tarix mart və ya aprel aylarıdır. Bu isə tədrsin bitməsindən ən azı bir ay əvvələ uyğun gəlir. Xüsusilə müəllim heyətinin haqlı narazılıqlarından biri də tədris bitməmiş şagirdlərin buraxılış imtahanına getməsidir. Əlbəttə, bu məqamda buraxılış imtahanından sonra şagirdlərin həmin dərsə olan davamiyyəti və marağına mənfi təsir gösətərəcək. Məsələyə həm də bu baxımdan yanaşmaq olar ki, mart-aprel aylarında keçirələcək buraxılış imtahanından sonra xüsusilə xarici dil fənnindən şagirdin fəaliyyətinin qiymətləndirilməsi praktiki əhəmiyyətini itirəcək. Çünki xarici dil fənni qəbul imtahanları üçün nəzərdə tutulmuş heç bir ixtisas blokunda yoxdur.

Dövlət İmtahan Mərkəzi müraciət yayıb

Yekun olaraq…

Bu mövzuda olan çatışmazlıqlardan daha geniş yazmaq olardı. Bilirəm ki, əksəriyyət mənim burda yazdıqlarımı ya düşünüb, ya da kimlərləsə söhbət zamanı dilə gətirib. Göründüyü kimi vəziyyət, doğrudan da, çox qəliz və qaranlıq məqamlarla doludur. Belə olan halda cəmiyyətin qəbul imtahanlarına olan inam hissi azala bilər. İndiyə qədərki şəffaflıq inamı zədələnə bilər.

Ümid edirəm ki, bu məsələ ilə bağlı bütün ictimaiyyət həssas olacaq. Aidiyyatı qurumlar bu məsələnin ciddiyətini nəzərə alıb prosesi daha şəffaf və informativ yönə çəkəcək. Əlbəttə bu işdə DİM daha çox məsuliyyət daşıyır. DİM tərəfindən keçirilən seminarlar daha məhsuldar yönə çəkilməli və seminar iştirakçılarının tələb və təklifləri nəzərə alınmalıdır. Hər bir vətəndaş, xüsusilə valideynlər bu mövzuda həssas olmalı prosesi izləməlidir. Bununla bağlı müzakirələr DİM auditoroyalarını aşmalı və orta məktəblərin təcrübəli müəllimləri də prosesə cəlb edilməldir. Əks halda cavabsız suallarla qəbul imtahanına doğru gedəcəyik.