CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qış gəlir, soyuqlar düşür, onların gözü isə hələ də yoldadır

İbrahim Kərbəlayev: "Sakinlər ya gözləməli, ya da öz vəsaitləri hesabına bunu çəkməlidilər"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Payız-qış mövsümü yaxınlaşdıqca, evlərdə istilik problemi də üzə çıxır. Soyuqlar düşdükcə, qaz olmayan mənzillərdə yaşamaq çətinləşir. Belə olan halda, əhali evlərini təhlükəli vasitələr ilə qızdırmaq məcburiyyətində qalır.

Həm evini, həm də ailəsini təhlükəli vəziyyətə atmağa məcbur qalanların biri qismi Novxanı qəsəbəsinin Salatın Əsgərova küçəsində yaşayır. Onlar Sputnik Azərbaycan-a məktubla müraciət edərək problemlərini dilə gətiriblər:

"Azərişıq" və "Azəriqaz" sakinlərə "sürpriz" yaşadıb

"İllərdir bu ərazidə yaşayırıq. Evlərimizin bütün lazımı sənədlərlə, çıxarışla təmin olunmasına, yaxınlıqdakı evlərdə qaz xəttinin olmasına baxmayaraq, bizim evlərimizin qaz problemi öz həllini tapmır".

Məsələ ilə bağlı müraciət edən kənd sakini Əli Əhmədovun sözünə görə, ərazidə 40-dan çox ev var, 100-dən çox insan yaşayır, amma dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, müraciətləri cavabsız qalıb və qazla təmin olunmayıblar: "Biz 2016-cı ildə "Azəriqaz"a ərizə verdik. Dedilər ki, sizi qaz ilə təmin edəcəyik. "Azəriqaz"ın baş direktorunun əsas tikinti üzrə müavini Elman Abbasovdan bizə məktub gəldi. Məktubda yazılıb ki, Prezidentin fərmanına əsasən, 2018-ci ilədək mərhələli şəkildə qaz xətti evlərə çəkiləcək. Artıq 2018-ci ilin bitməyinə az qalıb. Yenə ərizə verdik ki, bəs bizim qazımız harada qaldı? Amma cavab yoxdur".

Sakin beş ildir burada ev tikib, yaşamağa başladığını da əlavə edib: "Evimizin də bütün lazımı sənədləri, çıxarışı var. Amma bu illər ərzində təbii qazımızın olmadığına görə qışda burada yaşamaq çox çətin olur. Təsəvvür edin, ölkənin paytaxtında odun sobası, "solyarka", qaz balonundan istifadə edirik. Odunu da tikintilərdən sınıq taxta və s. alıb istifadə edirik".

Artıq payızın gəldiyini və havaların nisbətən soyumağa başladığını deyən şikayətçi qışdakı vəziyyəti təsəvvür belə, etmək istəmədiyini deyib.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev deyib ki, məsələ ilə bağlı sakinlər yenidən müraciət etməlidirlər. Müraciət əsasında da qazlaşdırma müəyyənləşdiriləcək: "Novxanı qəsəbəsi demək olar ki, qazla təmin olunub. Amma həmin ərazidə əhalinin sayı durmadan artır, yeni fərdi yaşayış əraziləri tikilir və genişlənir. Ona görə də, hazırda həmin evlərin qazlaşdırılması vətəndaşların öz hesabına və xüsusi lizinq şirkətləri tərəfindən həyata keçirilir".

Vətəndaşlarla "Azəriqaz" arasında çəkişmə gedir

İ.Kərbəlayev qeyd edib ki, əhali "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz sayğacı ilə təmin edilir: "Buna görə də vətəndaşlar "ASAN kommunal"a ərizə ilə müraciət etməlidirlər, razılaşma protokolu ilə tanış olmalıdırlar. Daha sonra podratçı şirkət ilə müqavilə bağlayıb, vətəndaşların hesabına qaz çəkilə bilər. Əks halda, onlar gözləməlidirlər".

"Nə zaman dövlət proqramına uyğun olaraq vəsait ayrılsa, o zaman əraziyə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz çəkiləcək. Sakinlər ya gözləməli, ya da öz vəsaitləri hesabına bunu çəkməlidirlər" — qurum səlahiyyətlisi əlavə edib.