İDMAN

Qurban Qurbanov: "Bu bizim üçün çox vacib qələbə idi"

"Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Farer adaları meydanda nə etdiyini yaxşı bilir"
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. "Futbolçularımı təbrik edirəm. Bu bizim üçün çox vacib qələbə idi. Dünən mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik demişdim. Amma bu gün çətinlik həddindən artıq çox oldu. Meydan və düşdüyümüz vəziyyəti deyərdim. Buna baxmayaraq, lazımi xarakteri geri qaytardıq. Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb…

- Son nəticələrdən sonra əsas mübarizənin Azərbaycanla Kosovo arasında gedəcəyini düşünmək olar?

— Qətiyyən deməzdim. Bu gün asan komandanın ümumiyyətlə olmadığını bir daha göstərdik. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Farer adaları meydanda nə etdiyini yaxşı bilir. Malta Kosovo ilə oyunda 1:1 hesablı heç-heçə etdiyi vaxt qırmızı vərəqə alıb və bundan sonra uduzub. Qrupdakı istənilən komanda qələbəyə qadirdir.

- Rahil Məmmədovu start heyətində meydana buraxarkən, bunu riskli addım saymadınız ki?

— Səbəblər çox idi. Standart vəziyyətlərdə və uzun toplarda rəqib həddindən artıq təhlükəli idi. Digər tərəfdən, Rahili qazanmaq istəyirik. Onun potensialı böyükdür. Bu gün oynamağa layiq idi. Bəlkə riskli addım idi, amma ona güvənərək meydana buraxdım. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə də belə addımlar atmalı, yeni oyunçuları düşünmədən meydana buraxmalıyıq.

- İlk 15-20 dəqiqə Azərbaycan yığması üçün ağır keçdi. Bu, rəqibin erkən qol istəyi idi, yoxsa düşünülmüş plan?

— Biz də oyuna fəal başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar. Bizdə isə texniki səhvlər çox oldu. Rəqib özü də ilk dəqiqələrdən qol vurmaq istədiyini bildirmişdi. Biz isə tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq.

- Rüfət Dadaşov rəhbərliyiniz altında ilk matçına çıxdı. Oyunundan nə dərəcədə razı qaldınız?

— Rüfəti əsas heyətdə buraxmaqda bir qədər risk etdim. Çünki son çempionat oyunundan bir həftə əvvəl naxoşlamış və matça yaxşı hazırlaşa bilməmişdi. Bununla belə, baş məşqçisi meydanda 90 dəqiqə saxlamışdı. Lakin məşqlərdə özünü pis hiss etmədiyini və oyunçularla anlaşmasının yaxşı olduğunu gördüm. Bugünkü çıxışından da razı qaldım. Lakin bu, onun hələ optimal forması deyil. Düşünürəm ki, gələcəkdə özü də işini sevə-sevə yerinə yetirəcək.