QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənilər onlarla rus ananı gözüyaşlı qoyublar"

Deputat: "Təəssüf ki, bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa qanunsuz səfər edib"
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. "Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin sonuncu görüşləri də bunu bir daha göstərir".

Azərbaycan parlamentində ciddi etiraz: Moskvaya müraciət olunacaq

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Hüseynova deyib. "Amma təəssüflə deməliyəm ki, oktaybrın 7-də bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa qanunsuz səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurova da olub. Onlar səfərlərini "sülhlə bağlı" adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini Ermənistan və Qarabağdakı erməni separatçıları başlayıblar" — deyə deputat bildirib.

S.Hüseynova Xocalı soyqırımına da toxunub: "Onlara məlum deyilmi ki, ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşaq qətlə yetirilib? Qarabağ müharibəsi zamanı erməni seperatçıları tərəfindən qətlə yetirilən insanlar arasında yalnız azərbaycanlılar deyil, rus millətinin nümayəndələri də olublar. Bu terrorçu əməlləri ilə ermənilər onlarla rus ananı da gözüyaşlı qoyublar".

"Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqqında Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Ona görə də mən onları bu qanunsuz səfərlərdən çəkinməyə çağırıram" — deyə millət vəkili vurğulayıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev həmkarının toxunduğu məsələnin vacibliyini qeyd edərək, Rusiyadan Dağlıq Qarabağa gələn nümayəndə heyətinin səfəri ilə bağlı parlament tərəfindən müraciət hazırlanmasını təklif edib.